“İRƏLİ” İctimai Birliyi məktəblilərlə işi daim diqqət mərkəzində saxlayır. İndiyə kimi bu istiqamətdə təşkilat tərəfindən 30-a yaxın layihə həyata keçirilmişdir. Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, məktəblilərin qarşıdan gələn yay tətilini daha səmərəli keçirməsi üçün “İRƏLİ” İctimai Birliyi “Junior Klub” layihəsinə start verir . Layihədə məktəblilər üçün müxtəlif sahələri əhatə edən interaktiv mühazirələr, təlimlər, diskussiyaların keçirilməsi nəzərdə tutulur. 1 ay müddətində davam edəcək layihənin məqsədi şagirdlərin formal təhsillə yanaşı qeyri-formal təhsildə bilik və bacarıqlarının artırılması, praktiki sahələrə yiyələnməsidir. “Junior Klub” layihəsi çərçivəsində keçiriləcək fəaliyyətlər aşağıdakı mövzuları əhatə edəcək: • İnformasiya texnologiyaları • Uşaq hüquqları • Müasir Azərbaycan tarixi • Liderlik, komanda işi, ünsiyyət bacarığı • İxtisas seçimi və karyera • Diplomatik protokol • Ətraf mühit və təbiətin mühafizəsi • İlkin tibbi yardım Layihədə iştirak etmək istəyən məktəblilər 10 iyun 2012-ci il tarixinə qədər elektron ərizə formasını dolduraraq iştirakçı ola bilərlər.