Cümhuriyyət dövrünün tanınmış ziyalılarından olan Məhəmməd Şərif Əfəndizadənin “Azərbaycan və inqilabı” kitabı Azərbaycanda nəşr edilib.
AZXEBER.COM-a bu barədə “İrəli” İctimai Birliyindən məlumat verilib.Kitab Xalq Cümhuriyyəti dövründə hakimiyyətdaxili məsələləri, həmçinin ölkədə geniş vüsət almış siyasi-iqtisadi, ideoloji problemləri işıqlandıran azsaylı mənbələrdəndir.Kitabın aktuallığını artıran mühüm məqamlar arasında Azərbaycan tarixinin ən şərəfli səhifələrindən olan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirmiş dövlət idarəçiliyi və ordu quruculuğu sahəsində geniş vüsət alan məmur çəkişmələrinin, hadisələrin müasiri tərəfindən təhlil edilməsi xüsusi yer tutur. XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş siyasi partiyalarla, o dövrdə Qafqaz regionunun dini, milli və siyasi mənzərəsilə bağlı verilən dəyərli statistik məlumatlar kitabın tarixşünaslığımız üçün əhəmiyyətini artıran mühüm amil hesab olunur.İlk dəfə 1921-ci ildə İstanbulda nəşr edilsə də uzun müddət Azərbaycan ictimaiyyəti üçün gizli qalan kitab “İrəli” İctimai Birliyinin elmi nəşrlər layihəsi olan “İrəlinin İctimai-Siyasi Elmlər Kitabxanası” çərçivəsində yenidən işıq üzü görüb.Qeyd edək ki, bu günə qədər “İrəlinin İctimai-Siyasi Elmlər Kitabxanası” tərəfindən 15-ə yaxın kitab nəşr olunub.