İsa Qəmbər Emin Milliyə cavab verdi: 'Mənim cavab verə bilməyəcəyim sual yoxdur'

İsa Qəmbər Emin Milliyə cavab verdi:
Bütün Xəbərlər
17:40 28.08.2012
1437
Müsavat Partiyasının başqanı İsa Qəmbər Azadlıq Radiosunun İşdən Sonra proqramının qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, proqramda Emin Millinin sosial şəbəkədə İ. Qəmbərə 2003-cü il 15-16 oktyabr hadisələri zamanı meydana çıxmamasının səbəbləri ilə bağlı sualı ətrafında müzakirələr aparılıb. İ. Qəmbər bildirib ki, bir neçə gündür ki, E. Millinin bu sualı ətrafında mediada müzakirələr aparılır: “Mənim sadəcə cavab verməyə imkanım yox idi. Çünki bir sıra problemlər vardı, onunla məşğul idim. Mən sualdan heç vaxt qaçmamışam. Mənim cavab verə bilməyəcəyim sual yoxdur”. İ. Qəmbər deyib ki, bəzən 16 oktyabrda meydanda olmamağını bəziləri cəsarətsizlikdə ittiham edirlər: “Mən bunu özümə təhqir hesab edirəm. Belə ittiham edənləri səmimi hesab etmirəm. ...2003-də mənim kütləvi tədbirlərlə bağlı bir qayda yaranmışdı. Aksiyalar başlayırdı və mənə xəbər edilirdi ki, sizin iştirak etməyiniz üçün uğurlu vəziyyətdir. Və mən meydana gəlirdim. 16 oktyabrda Xalça Muzeyinin qarşısında mitinq təyin etmişdik. ...Həmin gün müavinlərimi təlimatlandırdım ki, insanları küçələrdən bir meydana toplasınlar. Amma cavab verildi ki, artıq insanlar Azadlıq meydanına hərəkət edir və binaların şüşələrini qırırlar. Müavinlərim və digər partiyaların rəhbərləri meydana çıxdılar. Onlardan xəbər gözləyirdim. Həmin vaxt mən Müsavat Partiyasının qərargahında idim. Təəssüf ki, meydanda toparlanmaq mümkün olmadı. Polis və hakimiyyətin müxtəlif silahlı dəstələri insanları meydandan dağıtdılar və aksiya davam etmədi. Bu sualın cavabı bundan ibarətdir. Bu qədər sadə”.
OXŞAR XƏBƏRLƏR