Müsavat başqanı İsa Qəmbərin “Azadlıq” radiosuna müsahibəsində 2013-cü il prezident seçkilərində namizədliyini verəcəyini bəyan etməsi müxalifət düşərgəsinin aparıcı qüvvələri tərəfindən birmənalı qarşılanmayıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Trend-ə deyib ki, prezidentliyə namizəd məsələsinin vaxtından əvvəl gündəliyə gətirilməsi ümumi məqsədlərə xeyir verməyə bilər: “Ona görə də diqqəti əsas məsələdən yayındırmamaq üçün müzakirə olunmamasının tərəfdarı olmuşuq və bununla bağlı İctimai Palatanın qərarı da var. Bu qərar İP Koordinasiya Şurasının rəhbərliyinin iştirakı ilə qəbul olunub və hər kəs buna səs verib.
İsa Qəmbərin bu qərara rəğmən öz namizədliyini irəli sürməsi barədə bəyanatı müəyyən uyğunsuzluq yaradır və cəmiyyətdə, o cümlədən mediada müəyyən suallar doğurur. İsa Qəmbər özü bu uyğunsuzluqla bağlı suallara aydınlıq gətirməlidir. Biz İP-in qərarına əməl olunmasının tərəfdarıyıq, çünki birgə fəaliyyətimiz birgə qəbul etdiyimiz qərarlarla tənzimlənir və bu qərarlara əməl olunması gələcək fəaliyyətimizin də əsasını təşkil edir”.
AXCP sədrinin müavini Razi Nurullayev modern.az-a bildirib ki, Müsavat başqanının açıqlamasının süngü ilə qarşılanmasını istəmir. Hər partiya seçkilərdə iştirakla bağlı niyyətini ortaya qoya bilər. Amma böyük birliklərin namizədi ora daxil olan qurumlar tərəfindən müəyyən edilir: “İctimai Palata hələ vahid namizədini müəyyən etməyib. Həm İP, həm də bizim partiya vahid namizəd məsələsinin indidən gündəmə gətirilməsinin lehinə deyil. Çünki vahid namizəd məsələsi bizə dost olmayan qüvvələr tərəfindən mənfi tərəfə yönəldilir və müxalifətin birliyinə xələl gəlir”.
ACP lideri Rəsul Quliyev də məsələyə münasibət bildirib. O, modern.az saytına bildirib ki, Müsavat başqanının namizədliyini irəli sürməsində qeyri-adi heç nə görmür: “Demişdim ki, istənilən variantda İsa Qəmbər öz namizədliyini irəli sürəcək. Demokratiyadan dəm vuran bir şəxsin partiyanın konfransını keçirmədən namizədliyini irəli sürməsi onun əqidəsinin göstəricisidir. Mənim bir daha bu şəxs haqda danışmaq fikrim yoxdur”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli ƏliyevMilli.Az-a verdiyi açıqlamasında bildirdi ki, Müsavat başqanı İsa Qəmbərin prezident seçkilərinə namizəd qismində qatılacağı ilə bağlı açıqlaması əslində gözlənilən, təbii hadisədir.
“Burada qeyri-adilik axtarmağa ehtiyac yoxdur. İsa Qəmbərin seçkilərə namizəd kimi qatılmaq istəyi gözləniləndi. Mənə elə gəlir ki, bəyanatın səsləndiyi mühit, atmosfer İsa bəyi özündən çıxardı və onu gərginlik yaratmış fikrin müəllifinə çevirdi. “Azadlıq” radiosundakı proqramda ona ünvanlanan sərt süallar adətən soyuqqanlı olan İsa Qəmbərin səbr kasasını daşırdı, bəlkə öz üzərində nəzarətində itirdi və o bəyanatı səsləndirdi. İctimai Palata indi həmin bəyanatı yumşaltmağa çalışır. Lakin bəyanat artıq verilib və İsa Qəmbər də mövqeyini açıqlayıb”, – VİP lideri söylədi.
Ə.Əliyevin fikrincə, indi İctimai Palatadakı proseslərin hansı məcrada inkişaf edəcəyini gözləmək lazımdır. Bununla belə, VİP sədri hesab edir ki, İsa Qəmbərin belə bəyanatı planlaşdırılmış, gözlənilən hadisə idi və onun namizəd olmağa çalışacağı aydındı.
Fəqət, Müsavat başqanının açıqlaması müxalifət düşərgəsindəki gərginliyi daha da artırıb.