Sual:
Xəstəlik müddəti 6 aydan artıq davam edən işçilərin hüquqları barədə maddələr özünü harda və neçənci maddədə göstərilir, əsaslandığınız mənbə hansıdır? Hansı xəstəlik növlərində? Xahiş edirəm cavablandırın.
Cavab:
Sualınıza cavab olaraq bildiririk ki, əmək qabiliyyətinin fasiləsiz alaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndi ilə xitam verilir. Bu əsas, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsini müəyyən edir. Burada bir məsələyə xüsusilə diqqət yetirmək lazımdır. Bu isə ondan ibarətdir ki, işçinin əmək qabiliyyətinin itirilməsi qeyd olunan müddətdə fasiləsiz olmalı və eyni zamanda tam şəkildə itirilməlidir. Əmək qabiliyyətinin tam şəkildə itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının (burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış Tibbi-Sosial Ekspert Komissiyaları nəzərdə tutulur) qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu müəyyən edilməklə ən az 1 il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Onu da bildirim ki, əmək qabiliyyətinin 6 aydan az müddətə və müvvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.
Əmək qabiliyyətinin müvəqqəti və tam şəkildə itirilməsindən asılı olaraq işçinin sahib olduğu hüquqları 2 hissəyə ayırmaq olar. Belə ki, əmək qabiliyyətini müvəqqəti itirmiş işçiyə onun iş yeri və vəzifəsi saxlanılmaqla, ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına DSMF tərəfindən müavinət ödənilir. AR ƏM-nin 77.7-ci bəndinə əsasən, əmək qabiliyyətinin tam şəkildə itirilməsi ilə əmək müqaviləsinə xitam verilən zaman işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəməlidir.
(Sual Remedium Hüquq Klinikası tərəfindən femida.az saytı ilə əməkdaşlıq çərçivəsində cavablandırılıb).