İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz

İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz
SOSİAL
16:41 17.06.2026
343
Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur.

AZXEBER.COM xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan Əmək Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, Məcəlləyə "İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə" anlayışı əlavə ediləcək.

Yeni mexanizmə görə, şirkətlər əməkdaşlarına və rəhbər şəxslərinə müəssisənin paylarını güzəştli şərtlərlə və ya ödənişsiz təqdim edə, həmçinin gələcəkdə həmin payları əldə etmək hüququ verə biləcəklər.

Layihədə qeyd olunur ki, işçinin pay sahibi olması müəyyən müddət şirkətdə çalışması və ya qarşıya qoyulan hədəflərə nail olması kimi şərtlərlə əlaqələndirilə bilər. Əmək münasibətlərinə xitam verilməsi zamanı isə tərəflər arasında bağlanmış müqavilədən asılı olaraq müxtəlif hüquqi nəticələr yarana bilər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, bu mexanizm startapların ixtisaslı mütəxəssisləri cəlb etməsi və onları şirkətdə saxlaması üçün mühüm vasitə olacaq. Onun sözlərinə görə, beləliklə əməkdaşlar yalnız maaş alan işçi deyil, həm də şirkətin gələcək uğurunda maraqlı tərəfdaşa çevriləcəklər.

Qeyd edək ki, pay və ya səhm proqramı çərçivəsində əldə olunan səhmlər əməkhaqqı hesab edilməyəcək və maaşın əvəzi kimi ödənilməyəcək.
OXŞAR XƏBƏRLƏR