İşçilərə şamil olunan yeni qadağa: Artıq bunu etmək mümkün olmayacaq

İşçilərə şamil olunan yeni qadağa: Artıq bunu etmək mümkün olmayacaq
SOSİAL
17:12 17.11.2026
53
Əmək məzuniyyəti hər bir işçinin əsas əmək hüquqlarından biri hesab olunur. Qanunvericiliyə əsasən, işçilərə minimum 21 təqvim günü əmək məzuniyyəti verilir. Lakin bəzi hallarda işçilər məzuniyyətə çıxmaq əvəzinə, həmin günlərə görə pul kompensasiyası almağa üstünlük verirlər.

Milli Məclisdə Əmək Məcəlləsinə təklif edilən yeni dəyişiklik isə bu məsələdə müəyyən məhdudiyyətlər nəzərdə tutur. Belə ki, əmək məzuniyyətinin minimum 21 təqvim günlük hissəsinin kompensasiya ilə əvəz olunmasının qadağan edilməsi təklif edilir.

Dəyişikliyə əsasən, işçi yalnız əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ala biləcək.

Bəs bu dəyişiklik hansı zərurətdən irəli gəlir və işçilərin hüquqlarına necə təsir edəcək?

Hüquqşünas Əkrəm Həsənov AZXEBER.COM-a açıqlamasında bildirib ki, dəyişiklik işçilərin istirahət hüququnun qorunmasına və onların hər il əmək məzuniyyətindən istifadə etməsinə şərait yaratmağa yönəlib:

"Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, qanunvericiliyə görə, işçiyə ildə bir dəfə, ən azı 21 təqvim günü əmək məzuniyyəti verilməlidir. Lakin eyni zamanda qanunda nəzərdə tutulurdu ki, müəyyən səbəblərdən məzuniyyət verilmədiyi halda, həmin günlərə görə işçiyə pul kompensasiyası ödənilsin. Bu da praktikada bəzi işçilərin illərlə məzuniyyətə çıxmamasına, əvəzində isə kompensasiya almasına gətirib çıxarırdı.
Nəticədə işçilər istirahət hüququndan lazımi qaydada istifadə edə bilmirdilər. Yeni dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, bundan sonra minimum 21 günlük əmək məzuniyyəti pulla əvəz edilə bilməyəcək. İşçi hər il mütləq məzuniyyətə çıxmalı olacaq. Hesab edirəm ki, bu dəyişiklik işçilərin istirahət hüququnun qorunması baxımından məqsədəuyğundur".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR