Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıldığını bildirib.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Sənətçi bildirib ki, son dəfə səhnəyə 12 martda çıxıb və bundan sonra teatrın direktoru onunla əmək müqaviləsini uzatmayıb:
"Bakıdakı son çıxışımdan sonra dünyaca məşhur tenorumuz və Opera Teatrının direktoru müqaviləmi yeniləmədən, dünyanın bir çox teatrlarında Azərbaycanı ləyaqətlə təmsil edən aparıcı dramatik baritonunu işdən çıxardı. Təkcə məni yox. İndi top meydançamızdadır. Tamaşaçılara çox maraqlı bir oyun vəd edirəm. Lakin qalib artıq məlumdur və bu, biz olacağıq”.
Abdullayev onu da bildirib ki, onun işdən çıxarılması üçün heç bir əsas göstərilməyib:
"Sadəcə illik müqavilə yenilənmədi. Bundan başqa, digər solistlərə qarşı da təzyiqlər var”.
O eyni zamanda iddia edib ki, Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb:
"Maraqlanan hər kəsə cavab verirəm. Heç bir səbəb yoxdur. Sadəcə illik müqaviləmi yeniləmədim. Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarıldı və bu gün truppa menecerimiz Zülfiyyə xanım da, Pərvin xanım da saxta ittihamla işdən çıxarıldı. Rejissor yenə yalan danışır, vəzifəyə keçəndən bəri heç kimi işdən çıxarmadığını iddia edir. Digər solistlərə qarşı təhdidlərdən bəhs etmirəm. Bu qədər".
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidməti ilə əlaqə saxladıq. Məsələ ilə bağlı suallarımıza "Yalçın Adıgözəlov teatrımızda çalışmır. Yalçın bəy filarmoniyada işləyir. Əvəz Abdullayevlə bağlı isə açıqlama veriləcək" cavabı verilib.
Qeyd edək ki, Y.Adıgözəlov 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. 2023-cü ildə isə Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini 2023-cü ilin aprel ayından etibarən Yusif Eyvazov icra edir.











































