Azərbaycanda narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər 3 min manatadək cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. Təklif olunan maddəyə əsasən, narkoloji xəstələrin işləməsinə məhdudiyyət nəzərdə tutulan sahələrdə onlarla əmək müqaviləsinin bağlanmasına və ya mövcud əmək müqaviləsinin müddətinin uzadılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcəklər. Bundan başqa, narkoloji xəstələr üçün məhdudiyyət nəzərdə tutulan sahələrdə tibbi müayinə arayışı olmadan işə qəbula görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimə ediləcəklər.
AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu qərarın əmək bazarında ciddi dəyişiklik yaradacağı gözlənilmir:
"Çünki bəzi peşələr və vəzifələr var ki, müəyyən şəxslərin həmin sahələrdə çalışması mümkün hesab olunmur. Xüsusən də narkoloji xəstəliyi olan şəxslərlə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Bu da birbaşa həmin işlərin spesifik xüsusiyyətlərindən irəli gəlir. Çünki bəzi peşələr xüsusi diqqət, məsuliyyət, psixoloji sabitlik və operativ qərarvermə bacarığı tələb edir və müəyyən hallarda bu keyfiyyətlər həmin şəxslərdə kifayət qədər olmaya bilər. Əlbəttə, burada əsas məsələ nəzarət mexanizmləridir. Əgər hər hansı müəssisədə yoxlamalar lazımi səviyyədə aparılmırsa və ya qaydalar pozulursa, bu zaman cərimələrin artırılması gündəmə gəlir. Bu isə o deməkdir ki, müəyyən pozuntular mövcuddur və onların qarşısını almaq üçün inzibati tədbirlər gücləndirilir”.
O bildirib ki, belə halların geniş yayıldığını demək düzgün olmaz:
"Bu kateqoriyaya aid şəxslərin sayı çox deyil və ümumilikdə əmək bazarına ciddi təsir göstərmir. Digər tərəfdən, hazırda işsizlik səviyyəsinin artdığı dövrdə işəgötürənlərin seçim imkanları daha genişdir. Yəni işəgötürənin məqsədi məhz bu kateqoriyadan olan şəxsləri işə cəlb etmək deyil. Əgər namizəd qanunvericiliyin tələblərinə uyğun gəlməzsə, onun əvəzinə başqa namizədə üstünlük verilir.”