İslamçı demokratlar xristian demokratlara müraciət edəcək
Bütün Xəbərlər
11:28 19.05.2012
1048
Tahir Abbaslı: “Xocalı faciəsinin Avropa məkanında tanınmasına qapı açmaq üçün ilk növbədə Almaniyada iş aparmaq lazımdır” “Biz Xocalı faciəsinin soyqırım aktı kimi əsasən Avropa ölkələrində tanınması istiqamətində çalışmalıyıq”. Bu fikri AZXEBER.COM-a açıqlamasında Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı deyib. Onun fikrincə bu iki cəhətdən vacibdir: “Birincisi Avropa ölkələrinin bu aktı tanıması daha təsirlidir. İkincisi, ermənilər də qondarma soyqırım aktının tanınması üçün məhz bu məkanda daha çox iş aparır”.AİDP sədri təklif edib ki, Xocalı faciəsinin Avropa məkanında tanınmasına qapı açmaq üçün ilk növbədə Almaniyada iş aparmaq lazımdır: “Almaniyanın iqtisadi və siyasi cəhətən güçlü və haqq-ədalətə meylli bir ölkə olduğunu nəzərə alaraq biz istər dövlət, istərsə də siyasi təşkilatlar səviyyəsində iş aparmalıyıq. Türklərin Almaniyada güclü mövqeyə sahib olduğunu da nəzərə almalıyıq”.Bir müddət öncə xristian və müsəlman dünyasının arasında dialoqun inkişafı məqsədilə hakimiyyətdə olan Almaniya Xristian Demokrat Partiyasına və kansler Angela Merkelə məktub ünvanladığını deyən T.Abbaslı hesab edir ki, bu istiqamətdə də xristian demokratlarla iş aparılmasını vacib sayır: “Biz bir müddət öncə ünvanladığımız müraciətdə də bildirmişdik ki, Almanya Xristian Demokrat Partiyası Almanyanın və eləcə də dünya siyasi olaylarında ciddi təsirləri olan bir gücdür. Və hesab edirik ki, müsəlman-xristian dünyası arasında dialoq islam demokrat və xristian demokrat ideyaları müstəvisində aparılmalıdır. Bu mənada zənnimizcə Xocalı soyqırımının tanınması istiqamətində də Almaniya xristian demokratları ilə əməkdaşlığı gücləndirmək lazımdır”. Bu məqsədlə AİDP adından xristian demokratlara müraciət hazırlandığını deyən T.Abbaslı bildirib ki, müraciətə Xocalı həqiqətləri əks olunub, faktlar diqqətə çatdırılıb: “Hesab edirəm ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar, üçüncü sektor təmsilçiləri də bu prosesə qoşulmalıdır”.