AZXEBER.COM Media forum-a istinadən xəbər verir ki, prosesə hakim Rafail Əliyev sədrlik edir.
Şəki Apellyasiya Məhkəməsindən “Media forum” saytına verilən məlumata görə, yanvarın 7-də keçirilən prosesdə E.Şəmdinov və E.Məmmədov ifadə veriblər.
E.Şəmdinov ifadəsində özünü qismən təqsirli bildiyini, İsmayıllı sakininə az ağır xəsarət yetirdiyini, buna görə peşman olduğunu deyib.
Şəki Ağır Cinayətlər Məhkəməsi E.Şəmdinovu Cinayət Məcəlləsinin üç maddəsi (126.2.4-cü maddə - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaq; 221.2.1-ci maddə - bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək; 221.2.2-ci maddə - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) təqsirli bilərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Yanvarın 7-də keçirilən prosesdə E.Şəmdinov ona qarşı irəli sürülmüş ittihamın Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə dəyişdirilməsini istəyib, buna razılaşa biləcəyini söyləyib, digər ittihamları isə rədd edib.
Cinayət Məcəlləsinin 127.1-ci maddəsi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma haqqındadır. Bu maddə 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Cinayət Məcəlləsinin iki (221.2.1 və 221.2.2-ci maddələr) maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş E.Məmmədov heç bir ittihamla razılaşmayıb, İsmayıllı hadisələrində iştirak etmədiyini, kimsəyə xəsarət yetirmədiyini deyib və apellyasiya instansiyasından özünə bəraət istəyib.
Prosesdə müttəhimlərin vəkilləri də çıxış ediblər, müdafiə etdikləri şəxslərin günahsız olduqlarını, İsmayıllı hadisələrində iştirak etmədiklərini deyiblər, E.Şəmdinov və E.Məmmədova bəraət verilməsini istəyiblər.
Tərəfləri dinləyən hakim Rafail Əliyev prosesin qismən məhkəmə istintaqı ilə aparılması haqda qərar çıxarıb. Hakim bildirib ki, zərərçəkmişlərin ifadələrində anlaşılmazlıqlar, dolaşıq məqamlar var və bunlar aydınlaşdırılmalıdır. O, zərərçəkmişlərin prosesə çağırılması və ifadə vermələri haqda qərar qəbul edib.
Proses yanvarın 21-də davam edəcək.
Emil Şəmdinov İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı olub. Elməddin Məmmədov onun tanışıdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarına görə, Emil Şəmdinov və Elməddin Məmmədov 2013-cü ilin yanvarın 23-də İsmayıllıda yerli sakinləri təhqir ediblər. İnsident böyüyərək kütləvi aksiyaya çevrilib, “Çıraq” oteli və müxtəlif markalı avtomobillər yandırılıb. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.
İsmayıllı olaylarına görə ümumilikdə 18 nəfər təqsirləndirilən şəxs qismində saxlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib. Emil Şəmdinov və Elməddin Məmmədovun işi təqsirləndirilən digər şəxslərin işindən ayrılıb. İsmayıllı olaylarına görə təqsirləndirilən qalan adamların (onların arasında “Yeni Müsavat” qəzetinin əməkdaşı, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədov da var) işinə də Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Hələlik onların məhkəməsi yekunlaşmayıb.
İsmayıllı olaylarının istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.










































