İspaniya 2026-cı ildə tarixinin ən isti yayını keçirib.
AZXEBER.COM xəbər verir ki, ölkənin Dövlət Meteorologiya Agentliyinin (AEMET) məlumatına görə, 2026-cı ilin iyun-avqust aylarını əhatə edən yay mövsümündə orta temperatur 24,5 dərəcə təşkil edib.
Bu göstərici 2025-ci ildə qeydə alınan əvvəlki rekorddan 0,3 dərəcə yüksək, 1991–2020-ci illərin orta göstəricisindən isə 2,4 dərəcə çoxdur.
Ölkədə yay ərzində ümumilikdə 61 gün isti hava dalğası müşahidə olunub. Bu, İspaniyada indiyədək qeydə alınan ən yüksək göstəricidir. Əvvəlki rekord 2022-ci ildə 41 gün olub.
Beləliklə, yay günlərinin təxminən üçdə ikisində ölkədə həddindən artıq yüksək temperatur qeydə alınıb. İsti hava dalğaları iyun, iyul və avqust aylarında müxtəlif dövrlərdə davam edib.
AEMET-in məlumatına görə, 1961-ci ildən etibarən aparılan müşahidələrdə ən isti 10 yay mövsümünün hamısı XXI əsrdə baş verib. Ən isti səkkiz yaydan yeddisi isə 2015-ci ildən sonra qeydə alınıb.
Qurum həmçinin isti hava şəraitinin yay ayları ilə məhdudlaşmadığını bildirib. May ayının sonunda ölkənin geniş ərazilərində iyul ayına xas temperatur müşahidə olunub. Sentyabrın 2-dən 7-dək isə 16 əyaləti əhatə edən yeni isti hava dalğası qeydə alınıb.
İspaniyanın Ekoloji Keçid və Demoqrafik Çağırış naziri Sara Aagesen isə ölkənin iqlim dəyişikliyinin təsirlərinə qarşı daha dayanıqlı olması üçün milli razılaşmanın vacibliyini vurğulayıb.
Gülay











































