Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, general-mayor Məmməd Beydullayev istintaqa çağırılması barədə yayılan məlumatlara münasibət bildirib.
Sabiq rəis M.Beydullayev açıqlamasında deyib: “Mən bu cür yazıların heç birini oxumuram və reaksiya da vermək istəmirəm. Təbii ki, mənim barəmdə yazılanlar yalandır”.
General-mayor M.Beydullayev “İstintaqa çağırılmısınız?” sualına isə cavab verməyib: “Mən indi başqa yerdəyəm, danışa bilmirəm”.
Xatırladaq ki, ötən gün Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib. Onun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub.
Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb ediliblər. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar.
Yayılan məlumatlara görə, ötən gün həmçinin general-mayor Məmməd Beydullayev də istintaqa cəlb edilənlər sırasında yer alıb. (publika.az)