Minsk qrupu həmsədrlərinin ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Didye Burkhalterlə keçiriləcək görüşü plan xarakteri daşıyır.
Bu görüş çərçivəsində ötən 2013-cü ilin yekunları müzakirə ediləcək və cari ilin gündəliyi müəyyənləşdiriləcək.AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu 1news.az-a Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bəyan edib.Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planındakı hər hansı dəyişikliklər və ya irəliləyişlərdən ATƏT-in həmsədrlərinin bu görüşünün yekunları üzrə yox, Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşündən sonra danışmaq mümkündür, XİN rəhbərlərinin bu görüşünün məqsədi də iki ölkənin prezidentləri arasında növbəti yüksək səviyyəli danışıqlara hazırlıqdan ibarətdir.“Azərbaycan həmsədrlərdən münaqişənin nizamlanması ilə bağlı fəallıq gözləyir və danışıqlar prosesinin hansısa yeni formulların axtarılıb-tapılması vasitəsilə yox, artıq əldə olunmuş razılaşmalar əsasında davam etdirilməsini arzu edir” – Fərhad Məmmədov bəyan edib.Xatırladaq ki, 2009-cu ilin oktyabr ayının 10-da Sürixdə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair imzalanan Ermənistan-Türkiyə protokolları hələ də bu iki dövlətin parlamentləri tərəfindən ratifikasiya olunmayıb.“İsveçrədə imzalanan Sürix protokolu Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir edir. Ermənistan və Türkiyə arasında sərhədin bağlanması Ermənistan - Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin əsasını təşkil etməsi faktına məhəl qoyulmadığını təsdiqləyir.
Məlum olduğu kimi, bu sərhədlərin bağlanmasına səbəb Ermənistanın Azərbaycan rayonlarını işğal etməsidir. Ermənistanın işğalı hələ də davam etdirdiyini nəzərə alsaq, sərhədlərin açılmasının münaqişənin həlli istiqamətində irəliləyişlə nəticələnməsi məntiqəuyğundur.
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı güzəştə gedəcəyinə az-çox ümidlər olsa da, Azərbaycan tərəfi belə güzəştin ediləcəyini heç vaxt gözləməyib.Tarix göstərdi ki, Ermənistana sosial-iqtisadi və siyasi blokadadan cıxmaq imkanı verildikcə, o, problemin sülh yolu ilə nizamlanması istiqamətindəki mövqeyindən daha da uzaqlaşır.Azərbaycanın prinsipial mövqeyi hamıya bəllidir. Azərbaycanın rəyi nəzərə alınmadan İsveçrə, yaxud başqa bir dövlətin bölgədəki hazırkı vəziyyəti dəyişmək cəhdləri qeyri-mümkündür” -SAM rəhbəri qeyd edib.Ekspertin bildirdiyinə görə, bu gün İsveçrə tərəfindən Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə bağlı müxtəlif layihələr maliyyələşdirilir. Buraya həm də sərhəd zonalarında qeyri-hökumət sektoru, media nümayəndələrinin görüşlərinin təşkil edilməsi daxildir.“Lakin buna baxmayaraq, münaqişənin siyasi həlli olmadan İsveçrənin Ermənistanı hazırkı vəziyyətdən çıxarmaq cəhdləri uğursuzluğa məhkumdur” – F.Məmmədov qeyd edib.