İtaliyada qurbanlarını turşuda əridən mafiya klanları birləşdi

İtaliyada qurbanlarını turşuda əridən mafiya klanları birləşdi
DÜNYA
08:28 14.11.2026
67
İtaliyanın üç ən böyük mafiya təşkilatı ölkənin maliyyə mərkəzinə nüfuz etmək məqsədilə "Hydra" alyansı yaradıblar.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müstəntiqlər məlumat veriblər.

Məlumata görə, kalabriyamənşəli "Ndranqeta", Neapolun "Kamorra" və Siciliyanın "Cosa Nostra" ("Koza Nostra") mafiya qruplaşmaları güclü alyans yaratmaq üçün qüvvələrini birləşdiriblər.

Şimali İtaliyanın sərvətlərindən tam istifadə etmək məqsədilə yaradılan bu alyans mifik üçbaşlı canavar - Hidra ilə müqayisə olunur.

Lakin yeni əməkdaşlıq İtaliya hüdudları ilə məhdudlaşmır. Belə ki, mafiya alyansı beynəlxalq pul qaçaqmalçılığı üzrə ixtisaslaşmış Çin cinayətkar qruplaşmaları ilə də əlaqələr qurub.

Bu nəhəng alyansın mövcudluğu İtaliya hakimiyyətinin həyata keçirdiyi "Hydra" əməliyyatı zamanı üzə çıxıb. Araşdırma may ayında məhkəmə prosesinin başlanmasına səbəb olub.

Ümumilikdə 145 nəfər mütəşəkkil cinayətkarlıqla əlaqələrdə ittiham olunub. Onlardan 62-si yanvar ayında Milan Opera Teatrının binasında yerləşən məhkəmə zalında məhkum edilib.

Hazırda İtaliyanın ən varlı bölgəsi olan Lombardiyada daha 45 nəfərin işi üzrə məhkəmə prosesi keçirilir.

İtaliyanın mafiya ilə mübarizə üzrə baş prokuroru Covanni Melillo bildirib ki, mafiya klanları qeyri-qanuni fəaliyyətlərindən əldə etdikləri gəlirləri artırmaq üçün birləşirlər.

Bu alyans çərçivəsində baş tutduğu iddia edilən sövdələşmələrdən birinə görə, Neapolun "Kamorra" qruplaşması İtaliyanın cənubundakı "Ndranqeta" klanına böyük həcmdə kokain tədarükünü təşkil edib.

Mənbənin məlumatına görə, mafiya qrupları özlərinə xas xüsusiyyətləri qoruyub saxlasalar da, zərurət yarandıqda əməkdaşlıq edirlər.

"Bu, onların biznes əməliyyatlarını daha səmərəli idarə etməsinə imkan verir", - deyə "Hydra" işi üzrə baş prokuror Alessandra Çerreti bildirib.

Çin cinayətkar qruplaşmaları ilə əlaqələrlə yanaşı, alyansın Alban mafiyası ilə də, xüsusilə narkotik ticarəti sahəsində əməkdaşlıq etdiyi bildirilir.

Müstəntiqlərin sözlərinə görə, qurbanlarını turşu çənlərində əritmək də daxil olmaqla, düşmənlərindən qəddarcasına qisas almaq üsulları ilə tanınan üç mafiya təşkilatının zorakılığa meyli azalıb.

"Zorakılıq və hədə-qorxu halları getdikcə daha az baş verir", - deyə Turinin baş prokuroru Covanni Bombardieri bildirib.

Onun sözlərinə görə, mafiya qruplaşmaları narkotik ticarətindən əldə etdikləri gəlirlər hesabına maliyyə çətinlikləri yaşayan müəssisələr üzərində nəzarəti ələ keçirirlər. Onlar həmin müəssisələri yüksək faizlə kredit götürməyə məcbur edirlər.

Məlumata görə, cinayətkar qruplaşmalar Çinli cinayətkarların yaratdığı paralel bank sistemlərindən dünya üzrə pul köçürmələri və təchizatçılara ödənişlər üçün istifadə edirlər.

Çin dəstələri isə hüquq-mühafizə orqanlarının təqibindən yayınmaq məqsədilə "havala" kimi tanınan, izlənilməsi çətin olan pul köçürmə sistemlərindən yararlanırlar.
OXŞAR XƏBƏRLƏR