‘İvanişvili Azərbaycana sağılacaq ‘inək’ kimi baxır’ – POLİTOLOQ RƏYİ

‘İvanişvili Azərbaycana sağılacaq ‘inək’ kimi baxır’ – POLİTOLOQ RƏYİ
Bütün Xəbərlər
13:47 26.12.2012
1455

“Çünki İvanaşvili hakimiyyəti müftə yeməyə öyrəşmiş və yalnız almağa maraqlı olan bir hakimiyyətdir”.

Bu fikirləri AZXEBER.COM-a politoloq Qabil Hüseynli Gürcüstanın baş naziri  Bidzina İvanişvilinin Bakıya səfərini şərh edərkən söyləyib. Qabil Hüseynlinin sözlərinə görə,baş nazirin səfəri yalnız iqtisadi maraqlar üzərində qurulub:

“İvanaşvilinin Bakıya səfər etməsi hər hansı bir siyasi məna daşımır. Bu adam Azərbaycan-Gürcüstan münasibətlərini inkişaf etdirmək əvəzinə onun gücünü aşağı salmaq niyyətindədir. Bu səfəri o qədər də əhəmiyyətli bir səfər kimi dəyərləndirə bilmirəm. Çünki səfər öncəsi İvanaşvili Gürcüstan-Azərbaycan münasibətlərinə kölgə salan bir sıra bəyanatlar söyləyib. Bu səfər vasitəsi ilə o gürcü ictimaiyyətinə söylədiyi fikirləri Bakıdakı həmkarları ilə bölüşdüyünü göstərmək istəyir. Bu rəylər Bakı-Tiflis-Qars dəmir yoluna və Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Neft Şirkətinə aid yanacaqdoldurma məntəqələrində satılan neft məhsullarının qiymətinə aiddir. Bununla yanaşı bu səfərin əsas məqsədi Azərbaycanın Gürcüstana satdığı qazın qiyməti ilə bağlıdır”.

Politoloq İvanaşvilinin Rusiyanın mövqeyini müdafiə etdiyi üçün Azərbaycanı şantaj etdiyini də söyləyib:

“İvanaşvili verdiyi bəyanatlarda dəfələrlə Azərbaycanı şantaj edib. O şantaj mühiti yaratmaqla danışıqlara getmək istəyir. Bununla da Azərbaycandan yeni güzəştlər qoparmağa çalışır. Bilirsiz ki, Azərbaycan ən ucuz qazı Gürcüstana satır. Təxmini 120 dollara. Ancaq Rusiya öz əlaltısı olan Ermənistana qazı 220-280 dollar arası qiymətə satır. Təbii ki, İvanaşvili bunu bilir. Əgər o Bakı-Tiflis-Qars dəmir yolunun əlehinə çıxsa Gürcüstanda çox böyük mənfi rəylə qarşılaşacaq. Çünki bu layihə həm də Gürcüstanın Avropaya inteqrasiyasını gücləndirir. Əgər İvanaşvili layihənin əksinə getsə o zaman Gürcüstanın Avropaya inteqrasiyasının da əlehinə getmiş olacaq”.

Qabil Hüseynli eyni zamanda Azərbaycanın Gürcüstana satdığı qazın qiymətini artırmalı olduğunu da söyləyib:

“İvanaşvili Gürcüstanın deyil Rusiyanın adamıdır. Bunu artıq hər kəs bilir. Bu səbəbdən də Azərbaycan Gürcüstana satdığı qazın qiymətini yenidən düşünməlidir. Elektrik enerjisi məsələsində, Gürcüstanın azərbaycana olan borcunun geri qaytarılması məsələsində hakimiyyət fikirləşməlidir. Çünki İvanaşvili hakimiyyəti müftə yeməyə öyrəşmiş və yalnız almağa maraqlı olan bir hakimiyyətdir. Məncə İvanaşvili Azərbaycana sağılacaq ‘inək’ kimi baxır. O bizdən mümkün qədər çox şey qoparmağa çalışır”.

Əfsələddin Ağalarov 

OXŞAR XƏBƏRLƏR