- Jalə xanım, bəs bu məqsəd üçün məhz teatr sferasını seçməyiniz təsadüfidir?
- Bu da məsələnin ikinci tərəfidir. Sirr deyil ki, bu gün teatr sahəsində, mədəniyyət sahəsində köklü islahatlar həyata keçirilir. Nəticə, inkişaf da göz önündədir. Bu gün bu sahədə kifayət qədər demokratik ab-hava mövcuddur, yəni heç bir qadağalar yoxdur. Bu demokratik ab-hava hətta bəzən sənətə olduqca mənfi təsir göstərir. Bir vaxtlar bu plüralizmdən, senzuranın olmamasından sui- istifadə halları xeyli artdı. Bu işartıları bu gün də görürük. Məsələn, hazırki dövrdə özünü bəstəkar adlandıranların gün-gündən artan bayağı musiqiləri cəmiyyətdə böyük mənada yaralar açır və həyəcan təbillərinin çalınmasına baxmayaraq, bu yaralar getdikcə böyüyür, kök salır. Bu cür bayağı “sənət” nümunələri televiziya ekranlarına, kütləvi informasiya vasitələrinə də sürətlə sızmaqdadır. Bizim yaşlı nəslimiz bu neqativ halların aradan qaldırılması üçün az müraciətlər etmirlər. Lakin gəncliyin özünün təpkisi, etirazı, əsl sənətə hörmətinin formalaşması lazımdır. Müəyyən mənada bizim gənclər arasında vətənpərvərlik mövzusunu məhz teatr və sənət vasitəsi ilə qabartmaq istəyimiz buradan doğdu.. Çünki görüntü ilə daha yadda qalan işlər ortaya çıxartmaq mümkündür. Gənclik əsl mənəvi dəyərlərinin nə olduğunu bir an belə olsa unutmamalı və qorumalıdır. - Sizcə bunun üçün artıq bir qədər gec deyilmi?- Qətiyyən! Təklif edərdim ki, bu qədər ulduz yarışması keçirməkdənsə, bəlkə Azərbaycanın coğrafiyasını, tarixini, mədəniyyətini yaxşı bilən, həvəs göstərən gənclərin arasında yarışmalar keçirib, tamaşaçılara təqdim edilsin. Bu cür təklifləri dəfələrlə müxtəlif yerlərdə irəli sürmüşük. Bizim festival ideyamız da elə belə ərsəyə gəlib. Bizim gənclərimizdə vətənpərvərlik ruhunu aşılamaq üçün, bu ruhu onlarda gücləndirmək üçün, onları dövlətçilik dəyərlərimizin ətrafında birləşdirmək üçün düşündük ki, audiovizual formadan istifadə etsək, daha effektli olar. - Jalə xanım, bəs nədən festival sırf gənclər arasında keçirilir? - Birincisi ona görə ki, Mübariz İbrahimovun özü gənc idi. İkincisi, bu tərbiyəvi və əxlaqi mövzular mənəviyyatı, əxlaqı artıq oturuşmuş olan insanlara nisbətən yetişməkdə olan nəsil üçün daha əhəmiyyətlidir. Çünki hələ özünü təsdiqləməyə çalışan gəncin sağlam düşüncəli və sağlam ruhda olması cəmiyyətimiz üşün ən önəmli məsələlərdəndir. - Sizcə festival cəmiyyətdə gözlədiyiniz marağı doğura bildimi? Festival artıq 3 aydır ki, davam edir. Və əldə olunanlara nəzər yetirsək, görərik ki, çox qısa bir zamanda internet portallarında, sosial şəbəkələrdə - bir sözlə gənclərin daha aktiv olduqları virtual məkanlarda festivala olan diqqət və maraq gözlənildiyindən də yüksəkdədir. Burada festivalın PR kampaniyasının düzgün təşkil olunması əsas rol oynadı. Hətta bizim işlərə kölgə salmaq istəyənlər də oldu. Müsahibələrin mütəmadi yerləşdirildiyi portala olan xaker hücumları məhz bizim işimizə maneə olmaq üçün törədilmişdi. Ancaq biz işlərimizi bir an belə axsatmadıq, tam əksinə. Azərbaycanın müxtəlif təbəqələrində olan insanlar – deputatlar, idmançılar, aktyorlar, jurnalistlər, elm adamları festival, vətənpərvərlik, gənclik haqda düşündüklərini bölüşərək, layihənin müsbət yönümündən danışırlar. Təbii ki, mən bu layihəni bizim işimiz kimi qiymətləndirmirəm. Bu layihə bütövlükdə Azərbaycan gənclərinin ortalığa çıxartdığı böyük bir bayramdır. Layihə Azərbaycan dövlətçiliyinin gənclər arasında nə qədər dəyərli olduğunu, onun müstəqilliyinin böyük bir sərvət olduğunu aydın büruzə verdi. Ona görə deyirəm ki, festivalın təşkilat komitəsinin üzvləri olan gənclərimiz işlərini layiqincə yerinə yetirdilər. Festivalı həqiqətən bayram saymaq olar. Bölgələrimiz xüsusi aktivliyi ilə seçilir. Bizin festivala bölgələrdən İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala truppaları qoşuldu. Fikir versəniz görərsiniz ki, onların arasında yalnız Mingəçevirdə peşəkar dövlət teatrı mövcuddur. Belə ki, biz bu təşəbbüsün, vətənpərvərlik ideyalarının sənət dili ilə bütün regionlarımızda yayılmasına çalışırıq. - Jalə xanım, məhz bu mövzuda festivalın keçirilməsi Azərbaycan teatr tarixində bir ilk olmaqla bərabər, eyni zamanda növbəti bir ilkə də imza atdı. O isə gənclər üçün təşkil ediləcək Art Kampın (yaradıcı düşərgənin) keçirilməsidir. Bu Art Kampda gəncləri nə gözləyir?- Məqsədimiz festivala gələn gəncləri tanınmış mədəniyyət və incəsənət xadimlərimizin ustad dərsləri ilə tanış etmək və onlarda olan yaradıcılıq meyllərini daha da stimullaşdırmaqdır. Buna görə qərara gəldik ki, belə bir yenilik edək. Bu yolda bizə Gənclər və İdman Nazirliyi tərəfindən çox yüksək səviyyədə dəstək göstərildi. - Festival yekunlaşandan sonra bu sahədə yeni təşəbbüslər gözləyəkmi sizdən? - İnşallah, ümidvarıq ki, bu festivalın özü ənənə halını alacaq. Çünki bu Gənclərin I Ümumrespublika Teatr Festivalı idi. Yəqin ki, bunun davamı və yeni layihələrimiz də olacaq.Əfsələddin AĞALAROV