Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinəhəsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Festivalla bağlı AZXEBER.COM portalı tanınmışictimai xadim, jurnalist, , Yeddi Dövlət - Bir Millət Konseyinin başqanı Azər Həsrətdən müsahibə alıb. Müsahibəni olduğu kimi təqdim edirik...
-Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalıkeçirilir. Bu festivala münasibətiniz?
Belə festivalların keçirilməsi istənilən halda təqdir edilməlidir. Çünki gənclərimiz, yetişməkdə olan nəsil özəlliklə də belə səhnələri tez-tez görməlidir ki, vətənpərvərlik hisləri daha da möhkəmlənsin.
- Sizcə, festivalın keçirilməsinin gənclər üçün necə nəticəsi olacaq?
Təbii ki, çox böyük nəticə gözləmək doğru olmazdı. Ancaq deyirlər ki, "dama dama göl olar". Yəni bu festival da gənclərimizin milli özünüdərk, vətənpərvərlik hislərinin oturuşmasında yardımçı ola biləcək.
-Azər Həsrət üçün vətənpərvərliknə deməkdir? Vətənpərvərlik hər bir vətəndaşın vətən daşı olmağı bacarmasıdır.Bəxtiyar Vahabzadə demişkən, "Olmayandan vətən daşı, Olmaz ölkə vətəndaşı". Hər kəs olduğu yerdə öhdəsinə düşən məsuliyyəti tam dərk edərək gerçəkləşdirsə, bu, elə vətənpərvərlik deməkdir. Mübariz İbrahimov döyüşçü idi, döyüşdü və canını şəhid elədi. Vətənpərvərliyin ən bariz örnəyidir bu. Şəxsən mənə gəlincə isə, hazırda məşğul olduğum ictimai fəaliyyətim məhz vətənpərvərlikdən, millətsevərlikdən qaynaqlanır. Heç kimin təlqini olmadan, heç bir qarşılıq gözləmədən türk dünyası və Azərbaycan məsələləri ilə məşğul oluram. Yəni məsuliyyətlə, vicdanla. Ona görə də hətta bir tələbənin öz dərslərini yaxşı oxuması belə onun vətənpərvərliyinin görsənişidir.
- Azər bəy, axırıcı dəfə teatra nə zaman getmisiniz? Təxminən üç il öncə. Uşaqları Bakı Uşaq Teatrının tamaşalarına aparırdım. Təəssüflər olsun ki, teatrın yerini əlindən aldılar, başqa yerə daşındı və bizim də əlaqələrimiz kəsildi.
- Azər bəy, sizcə gənclərdə vətənpərvərlik ruhunu aşılamaq üçün daha nələr etmək lazımdır? Bu cür məsələlər kompleks yanaşma tələb edir. Yəni yalnız ailə, yalnız məktəb, yalnız ictimai durum vətənpərvərliyin aşılanması üçün yetərli deyil. Yetişməkdə olan bir gənc səhər yuxudan duranda bu duyğulara köklənməsinə yardımçı olacaq ortamı hiss etməli, ardından küçəyə çıxanda da eyni ortamla qarşılaşmalı, məktəbdə həmin ortamda olmalıdır ki, onda vətənpərvərlik duyğuları daimi olsun. Bu komponentlərdən birinin çatışmaması artıq prosesi poza bilər.
- Vətənpərvərlik deyərkən gənclərimizin çoxu vətən yolunda ölməyi əsas götürür. Sizcə vətən üçün ölmək daha məqsədə uyğundur yoxsa, öldürmək?
Vətən üçün ölmək də lazımdır. Ancaq vətənpərvərlik təkcə bundan ibarət deyil. Yuxarıda da dediyim kimi, hər kəs olduğu yerdə öhdəsinə düşəni vicdanla yerinə yetirərsə, bu, yetərli olacaq. Yəni bir tələbə dərslərini yaxşı oxusa, bir jurnalist dövlətinin mənafelərinə zərər gətirə biləcək yazılar yazmaqdan çəkinsə, bir əsgər hərbi biliklərə ciddi yiyələnsə, bir məmur öz vəzifəsini vicdanla icra etsə, bu elə vətənpərvərlikdir. Ölmədən də vətənpərvər olmaq mümkündür. Bununla belə, vətən üçün canından keçənlər başqalarına baxanda daha vətənpərvər hesab edilməlidirlər. Çünki onlar vətən uğruna özlərini fəda etməyi bacaranlardır.
Əfsələddin AĞALAROV