Bu sual rəhbərliklə praktik kommunikasiya fəaliyyətini ayrı görən yanaşmadan doğur. Mən isə bu iki funksiyanın bir-birini tamamladığına inanıram. Rəhbər vəzifəyə yüksəlmək insanı peşəsinin təməl bacarıqlarından uzaqlaşdırmamalıdır. Auditoriya ilə canlı əlaqədən, müsahibədən və təqdimatdan uzaq düşən kommunikasiya mütəxəssisi və ya jurnalist zamanla peşə duyumunu itirə, bir növ, "paslana” bilər.
Kommunikasiya rəhbərinin məsuliyyəti strategiya hazırlamaq, komandanı idarə etmək, reputasiyanı qorumaq və nəticələri qiymətləndirməkdir. Bununla yanaşı, hazırlanan mesajın auditoriyaya necə çatdığını, hansı reaksiyanı yaratdığını və canlı ünsiyyətdə necə işlədiyini anlamaq da həmin məsuliyyətin bir hissəsidir.
Amerika İctimaiyyətlə Əlaqələr Cəmiyyəti (PRSA) tədbirləri, korporativ və marketinq kommunikasiyasını, multimedianı, nitq mətnlərinin hazırlanmasını və brend jurnalistikasını PR-ın fəaliyyət istiqamətləri sırasında göstərir. Bu baxımdan, qurumun kommunikasiya məqsədlərinə xidmət edən tədbir aparıcılığı PR və marketinq fəaliyyəti ilə uzlaşır.
Beynəlxalq şirkətlərdə də kommunikasiya rəhbərləri auditoriya ilə şəxsən işləyirlər. "Coca-Cola”nın kommunikasiya rəhbəri Beatriz Perez 2026-cı il "Page” konfransının rəsmi proqramında "Yahoo”nun kommunikasiya rəhbərindən müsahibə alan şəxs kimi göstərilir. "United Airlines”ın reklam və sosial media əməliyyatları üzrə direktoru Culia Fedor və reklam və sosial media üzrə baş meneceri Emili Benner isə 18 aprel 2024-cü ildə keçirilən "Köklü brendlər üçün yeni dövrlər” tədbirinin rəsmi proqramında aparıcılar kimi qeyd olunublar. Bu nümunə marketinq sahəsində rəhbər funksiyalarla tədbir aparıcılığının eyni şəxsin fəaliyyətində birləşə bildiyini göstərir.
Jurnalistikada rəhbərliklə praktik fəaliyyətin birləşməsi daha aydın görünür. ABC News-dan Devid Myuir həm "World News Tonight” proqramının redaksiya rəhbəri və aparıcısıdır, həm də hadisə yerlərindən reportajlar hazırlayır və müsahibələr alır. Farid Zakariya "Newsweek International” jurnalının redaktoru olduğu dövrdə CNN-də öz proqramını da aparırdı. Nora Odonnel isə 2019-cu ildə "CBS Evening News” proqramının redaksiya rəhbəri və aparıcısı, eyni zamanda "60 Minutes” proqramının müxbirlərindən idi.
Fikrimcə, kommunikasiya rəhbəri ehtiyac olduqda müsahibə almağa, kamera qarşısına keçməyə və mikrofon tutmağa hazır olmalıdır. Auditoriya ilə birbaşa təmas onun gözləntilərini anlamağa və bu müşahidələri sonrakı qərarlarda nəzərə almağa kömək edir. Rəhbər vəzifəyə yüksəlmək insanı o vəzifəyə gətirib çıxaran bacarıqlardan uzaqlaşdırmamalıdır.
Xülya Sabirli,
PR və kommunikasiya üzrə mütəxəssis, jurnalist











































