Jurnalist və dindar qız Bakıda gecə barında... (REPORTAJ)
MARAQLI
09:39 01.07.2011
2732
Hardasa oxumuşdum ki, sakinlərinin ürəklərinə bənzər bütün şəhərlər...
Mərkəzin işıqları sanki növbə ilə, bir-birinin ardınca sönür... Gün uzunu, günəş və elektrik işığında bir-birilərindən iki-üç küçə aralı dayanan dilənçilər, şəhər zülmətə bürünən kimi, ağır iş günün başa vurub, dincəlməyə, əylənməyə haqqı çatan zəhmətkeş məmnunluğu ilə bir yerə yığışıb, özlərinin dilənçi leksikonlarında, dilənçi mövzularını çək-çevir eləyirlər. Gündüzün günorta çağı şəhərdə tələm-tələsik, çəkinə-çəkinə, tək-tək yeriyən “mavilər” indi, gecənin adamsızlığında dəstə-dəstə, deyə-gülə, hündürdən zarafatlaşa-zarafatlaşa, hərdən ucadan söyüş söyə-söyə gəzişirlər. Bir azdan mərkəzin daş döşənmiş küçələrinə polis maşınları dırmaşır və şəhərin polis sifəti də özünü yavaş-yavaş göstərir...
Hələ axşamüstündən vədələşdiyim dostumla çox uzağa getmədən, yaxınlıqdakı barlardan birinə giririk. Bura olduqca balaca və xüsusilə də əcnəbilərin sevdiyi, gəldiyi yerdir. Divarları çılpaq vəhşi daşlardan, kətilləri və masaları iri kötüklərdən, xidmət göstərənlərinin hamısı qadınlardan ibarət mağara kimi bir yer. Biz içəri girəndə gözümüzə dəyən ilk şey - yerin balacalığı bir yana, içəridə barmaqla sayıla biləcək qədər müştərinin olmağıdır. Amma müştəri azlığı musiqiyə təsir eləmir, səsucaldanlar sümüyə düşən mahnıları bağıra-bağıra adamın yadına bu məkanın mahiyyətini – musiqi, rəqs və ehtirası salır. Barın girəcəyində əmrə müntəzir dayanıb, əlində iri sini tutmuş ayı ölü də olsa, dərisinə saman doldurulmuş əsl ayıdır.
Həmişə heyvan əti yeyəndə, qurudulub, müqəvva halına gətirilmiş canlı görəndə elə bilirəm ki, bu məxluq da özünün, məsələn, ayı qəbiləsinin şairi imiş....
Üç sarışın, ucaboy, ortayaşlı kişi pivələrini qurtumlaya-qurtumlaya astadan söhbət eləyirlər. Bar piştaxtasının yanında, hündür bar taburesində əyləşib, “barmen” qadınla çənə vura-vura siqaret çəkən “balzaklıq” gözəldən Teoman-zad çıxmaz. Amma babat istedadı olan adam onun bu bar taburesində oturuşuna, siqaretini necə həsrət və sevgi ilə sümürdüyünə və ilk baxışdan məni paxıllıqdan göyərdən döşlərinə baxandan sonra lap Füzuli də olar. Yanındakı sapsarı saçları oğlansayaq kəsik, üz-gözü rəngkarlıq fakültəsinin istedadsız tələbəsinin fırçasından çıxmışa bənzəyən, bədəninin artıq piyi-əti dar paltarının altından qat-qat bildirən başqa bir qadının burada işlədiyinimi, yoxsa daimi müştərimi olduğunu kəsdirmək mümkün deyil.
Dostumla adama bir pivə sifariş verib, buradakı musiqiyə, ovqata heç uyğun olmayan ifrat ciddi və fəlsəfi söhbətə başlayırıq. Bizim sifarişimizi gətirən qadın ikimizə də çəpəki baxandan sonra, bar piştaxtasının yanına qayıdır və həmin iki qadınla yarımçıq qalmış söhbətini davam etdirir. İngilisdilli sarışın qonaqlar üç söhbətcil və tənha xanıma baxa-baxa öz aralarında danışıb-gülürlər. Dostumla ədəbi-fəlsəfi söhbətlərimiz tədricən bir-birimizi belə məkanda belə ali şeylərdən danışacaq qədər anladığımız üçün qarşılıqlı minnətdarlığa çevrilir.
Elə bu vaxt üç əcnəbi ilə üç tənha qadının baxışma və sözatmaları da yeni mərhələyə keçir. Bizə qulluq edən qadınla saçıkəsik xanım qalxıb, barın dar meydançasında rəqs eləməyə başlayırlar. Oynadıqca artıq əti titrəyən oğlansaç qadının rəqsi, deyəsən, bu kişilərdən birini (ya da nə bilim, hamısını) gözgörəsi “bişirməyə” hesablanıb. İngilisdilli qonaqlar da vəziyyətdən narazı deyillər: pivələrini sağlıq deyirmişcəsinə rəqs eləyən xanımlara tərəf qaldırıb içir və arada atmacalarından qalmırlar. Dostumla söhbətimiz hələ də çox ali və çox fəlsəfi mövzular ətrafında dolaşmağa davam etsə də, gördüyümüz səhnəyə laqeyd qala bilmirik.
İçəri girəndən maraqla baxdığım “sinədən babat” gözəl qadın isə hələ də siqaretini sümürür və “rəfiqələrinin” onu dəfələrlə dəvət elədiklərinə baxmayaraq, onlara qoşulmur.
Musiqi nə qədər şən olsa da, qadınlar təkbaşına rəqs etməkdən yorulur və bayaqdan söz atıb, təbəssüm göndərdikləri kişiləri də meydançaya dəvət edirlər. Amma kişilər rəqs eləyə bilmədiklərindənmi, istəmədiklərindənmi, utandıqlarındanmı, həddən artıq çox içdiklərindənmi, ya hər nəydisə, onlara qoşulmurlar. Əvəzində özləri xanımları masalarına dəvət eləyirlər ki, bu andan etibarən gördüklərim mənim kimi “həyatın hazırladığı sürprizlərə hazır” adamı belə şoka salır.
Qadınların ikisi də özlərinə kətillərdə deyil, kişilərin dizləri üstündə yer eləyir. Hərəsi bir siqaret yandırıb, tüstüsünü müştərilərin üzlərinə üfürərək, hündürdən danışıb-gülməyə, bacardıqları sayaq cilvələnməyə, göz süzdürməyə başlayırlar. Əlləri ilə bar piştaxtasının yanında Teomansayağı oturmuş gözəl qadını da çığırırlar.
Bu vaxt içimdən vəziyyətə, mənə, o qadına dəxli olmayan, amma göz yaşardacaq qədər səmimi istək keçir: o gözəl qadın onlara qoşulmasın. Ucuz və birgecəlik sevdaların adamı olmadığını göstərsin. Gecənin bu vaxtında bu hündür bar taburesində oturub, bar işçiləri ilə (ümid eləmə, əziz oxucu, mən heç vaxt “bar qadını” ifadəsini işlətmərəm, dünyanın heç bir yerində, heç bir qadının elə təyinatı yoxdur!) siqaret çəkməyini də öz əhli-kefliyi, dahiliyi ilə izah eləmiş olsun.
Amma o qalxdı, pivə qədəhini də götürüb, “rəfiqələri”nin yanına gəldi, masada ürəyi və dizləri boş qalmış kişinin dizinin üstündə də o oturdu və bayaqdan bəri ətrafında dolaşan bütün sehrini, qəribəliyini, (hətta təkəbbürlü döşlərinin gözəlliyini də) itirdi…
Yarım saatdan sonra isə əcnəbi müştərilər qalxıb, bardan çıxdılar və üç söhbətcil və tənha qadını yenə öz tənhalıqları ilə baş-başa buraxdılar.
…dostum Aqşin həmişə mənə “səndə inzibatçı ruhu var” deyir.
Dostumla hövsələmiz və bu qədərinə çatır. Qalxıb bardan çıxırıq və gecəni bitmiş hesab eləyirik.
...altı ildir üzünü doyunca görə bilmədiyim, həmişə hazırcavablığı, zarafatcıllığı və qəfil hərəkətləri ilə adamı şoka salan rəfiqəmlə zəngləşirik. Ona birlikdə Bakı gecəsini yaşamağı təklif eləyirəm. Vacib qeyd eləyim ki, rəfiqəm dindar-solçu, feminist, intellektual, etirazçı, poliqlot və idmançıdır. Bütün bunlara baxmayaraq, heç bir ədəbi-mədəni, siyasi-ictimai çevrə ilə əlaqəsi yoxdur. Yaşı otuza azalıb, amma hələ də tələbədir, səhv eləmirəmsə, üçüncü ali təhsilini alır. Onu diskotekaya dəvət eləyəndə, dindarlığından gözüm su içmirdi, bu səbəbdən içki, azad münasibətlər və vəhşi musiqi olan yerə ayaq basmayacağını deyib, məni nəzakətlə yola verəcəyini gözləyirdim. Amma rəfiqəm həmin günlərdə bir-birinin ardınca Elif Şafak romanları oxuyurdu və hansısa sufi ovqatlı əsərin təsiri altında idi. Mənə də cavabı:
- Qəlbində Allah eşqi olan kəs meyxanəyə girsə, orası namazgah olar... – oldu. Və istədiyim vaxt mənimlə gəlməyə razılaşdı.
Beləliklə, qəlbində Allah eşqi olan rəfiqəm və qəlbində insan sevgisi olan yazarınız gecənin ən zülmət çağlarında yarımzirzəmi diskotekalardan birinə tərəf addımladıq. Qarşımıza ortayaşlı, kök dilənçi qadın çıxdı. Vacib bir qeyd: layihəyə başlayandan fikir vermişəm ki, mərkəzdə dilənçilərin də gecə-gündüz növbəsi olur. Gündüzün dilənçiləri başqa, gecənin dilənçiləri başqadır. Rəfiqəm adətən dilənçiyə pul verməyin əleyhinə olur. Amma indi cibindəki qəpik-quruşu çıxarıb, qadının ovcuna tökür. Səbəbini soruşuram. Mənə göz vurur:
- Əgər indi biz əylənməyə, içməyə, rəqs eləməyə gediriksə, bu xoş şeylərdən o qadına da pay düşməli idi.
Adətən, özüm hamıya hazırcavablıq göstərməyə, “dahilik” nümayiş etdirməyə öyrəşdiyimdən, rəfiqəmin “ikinci qolu vurmağını” bir az əsəb, bir az heyranlıqla qarşılayıram.
Yolumuzun üstündə çox iri, təptəzə bir qusuntu gölməçəsi çıxır. Yolu adlayanda, maşına oturmağa hazırlaşan iki oğlan, hırıldaya-hırıldaya, öz vulqar leksikonlarında bizi əyləncəyə dəvət eləyirlər. Yolumuzu dəyişirik. Diskotekaya çatıb, yer altına enirik. Bura ilk dəfə gəldiyimizə baxmayaraq, qapının ağzında dayanmış yekəpər mühafizəçi bizi görəndə, başını içəridən eşidilən musiqinin ritminə uyğun yırğalayaraq, uzun illərin tanışı imiş kimi dişlərini ağardır:
- Mənim gözəllərim gəldi ki...
Rəfiqəm ona ikicə kəlmə duzlu söz deyir və yerində quruyub qalmış mühafizəçini qapı ağzında buraxıb, içəri keçirik.
...ifrat tərbiyəli olduğumla fəxr eləyə bilmərəm, amma vur məni öldür, diskoteka adamı deyiləm. Ümumiyyətlə, belə vəhşi musiqidən, insanların belə səliqəsiz davranışlarından narahat oluram və özümü pis hiss edirəm. Və bu diskotekaya girən kimi də, kənardan ürkəkliyimə, büzüşməyimə baxanlar o dəqiqə buranın adamı olmadığımı anlayaraq, əyni-başı işgüzar geyimli, sifətlərindən ciddilik yağan qızların burada nə iti azdığına bir az təəccüb, bir az kinayə ilə baxırlar.
Diskotekada oturmağa yer tapmırıq. Ayaq üstə pivələrini, şərablarını qurtumlayan, siqaretlərini sümürən, musiqinin havasına bədənlərini titrədən, bütün bunlarla yanaşı, üstəlik bir-biri ilə söhbət eləyən qızlara-oğlanlara həsəd və təəccüblə baxırıq. Öz aramızdı, rəfiqəm məndən daha ürəkli tərpənir. Barmenlə danışır, diskotekanın künc-bucağını axtarıb, axır ki, qalxmağa hazırlaşan bir neçə adam tapır. Masadan qalxanlar eyni yerdə işləyib, iş sonrasını əyləncələrə sərf edən bir heyətə oxşayır – əyin-başları və danışıqları elə bizimki kimi işgüzar və səliqəlidir. Onlar qalxan kimi otururuq və dərindən nəfəs dərib, ətrafa göz gəzdiririk. Siqaret tüstüsü, içki və rəqs eləyənlərin tərinin qoxusu, yanıb-sönən işıqlar, qəhqəhə və söyüşlər bir-birinə qarışıb. Oturmağa macal tapmamış, yan-yörəmizdəki yekəpər gədələrdən bir neçəsi artıq bizim masaya diqqət kəsilib. Bar piştaxtasının yanında oturub, müştəri gözləyən qadınlar bizi rəqib gözüylə süzdükdən sonra, onlara mane olmayacağımızı yəqinləşdirəndən sonra arxayınlaşıb, öz laqqırtılarına davam eləyirlər. Yaxınlıqda dayanmış bir-iki kişi dişlərini bizə tərəf ağarda-ağarda, gözlərini çəkmədən aralarında nəsə danışır.
Meydançada atılıb-düşən gənclik musiqi səngiyəndə həyətə, tualetə, masalara tərəf axışır. Amma məni bunların heç biri deyil, rəfiqəmin qəfil siqaret çıxarıb, yandırmağı heyrətləndirir. Siqaretə heç bir etirazım yoxdur, amma onu sağlıq və məişət əxlaqı məsələlərində ifrat sərt qız kimi tanıyırdım. O isə təzəcə alışdırdığı siqareti sümürərək, yenə Elif Şafak tərzində müdrik-müdrik üzümə baxır:
- Sənin problemin hər şeyi çox ciddiyə almaqdı, bacı.
Qanım yenə it qanına döndü. Bu vaxt olduqca arıq, olduqca hündür və qara gözləri olduqca iri bir qadın içəri girib, bütün diskotekanı, bütün rəqs meydançasını uzun-uzun süzdükdən sonra çıxıb getdi. Bayaqdan üzümüzə baxıb dişlərini ağardan gədələr masamıza yaxınlaşıb, bizimlə əyləşmək istədiklərini dedilər. Rəfiqəm buz kimi soyuq, onlar burda heç yoxmuş kimi davranır və baxışları ilə mənə də özümü elə aparmağımı məsləhət görür. Oğlanlar öz-özlərinə bir az danışıb, çıxıb gedirlər.
Onlar gedəndən sonra masamıza içkilərimizi gətirən ofisiantın sinisində iki dənə də qızılgül gəlir. Şairliyimə salıb, güllərdən təsirlənsəm də, rəfiqəm o dəqiqə dava-dalaş salıb, ofisianta gülləri göndərən adamın başına çırpmağı əmr elədi. Ofisiant getdi və bir azdan həmin iki qızılgül gözləri irilənəcək həddə qədər sərxoş olan 30-35 yaşlı bir adamın əlində masamıza qayıtdı. Sərxoş gülləri masamıza atıb, özünü də boş kətilə buraxdı. Rəfiqəm hirslə ayağa qalxmaq istəyəndə, yad sərxoş onun üzünə gülümsəyib:
- İndi qalxıram, - dedi. Sonra hər ikimizə, masamıza, rəfiqəmin limonadına, mənim tekilama uzun-uzadı baxdıqdan sonra gözlərini mənə zillədi.
- Bilirsən, nədi sərxoşluq? – deyə soruşdu.
Rəfiqəm qaş-qabaq töküb, o adamla danışmağımdan narahat olduğunu bildirsə də, gülümsədim: - Bilirəm, – dedim. – Gecələr xoş yüngüllük, cəsarət... səhərlər də bir az günah, bir az utanc, vəssalam.
Başını yırğaladı:
- Axmaqsan. Sərxoşluq elə bir şeydi ki...elə bil, için sevgiynən doludu, amma o sevgi heç kimə lazım deyil. Hamını qucaqlamağa hazırsan, amma hamı səndən qaçır. Əlində nə varsa, hamıynan bölüşmək istəyirsən, amma heç kim istəmir. Başa düşdün?
Ağzım açıq qaldı: Seymur Baycan belə bir hadisə yazsa, inanmazdım. Amma masamıza qəfil gəlib, iki gül tullamış adam filosofuq eləyirdi. Ağlıma başqa heç nə gəlmədiyindən, bircə bunu soruşa bildim:
- Niyə bizə gül göndərdiniz?
Və ondan hər cavabı eşitməyə hazır idim. Amma o, istinin, içkinin təsirindən tərləmiş alnını silib, eşitməyə hazır olmadığım yeganə cavabı verdi:
- Səni tanıyıram. İki il əvvəl metro çıxışında qəzet satırdım. Demək olar, hamısını da oxuyurdum. Səni də oxuyurdum o vaxtlar. İndi görən kimi tanıdım...
Rəfiqəm sakitləşib, sərxoş “oxucumu” rahat buraxaraq, limonadını içdi.
Keçmiş “oxucum”la mən isə söhbəti və içkini bir-birinə caladıq. Ayağa qalxanda, rəfiqəm onun bizi evə ötürməyinə qəti etiraz elədi və özümüzün evimizə gedə biləcək qədər cəsarətli olduğumuzu vurğuladı.
Rəfiqəm gecə bizdə qalacaqdı. Ona evə qalxmasını deyib, 24 saat işləyən marketdən nəsə – heç olmasa, sərxoşluğumu azaldacaq qazlı su - almağa getdim. Dükandan çıxıb, evə tərəf addımlayanda qarşıma qəfil çıxan üst-başı çirkli, üzü yorğun, gözlərinin içi kədərli yeniyetmə məni qorxudur. Ağlıma hər şey gəlir – onun oğru, cibgir, quldur, qatil, narkoman, əyyaş –olduğunu düşünürəm. Amma oğlan gecə ərzində məni şoka salanlardan sonuncusu olur:
- Bacı, evə getməyə pulum yoxdu. Noolar, varındısa mənə bir manat ver...
Gülümsəyirəm: ilahi, gecənin dördündə küçədə gördüyü, üstəlik sərxoş gördüyü qıza belə rahat-rahat, şirin-şirin “bacı” deyən oğlandan nə əsirgənəsi nə var axı dünyada? Pulqabını açıb, tapdığım iki-üç manatlığı ona uzadıram və yaxınlıqdakı məsciddən ucalıb, bütün müsəlmanları qardaşlığa, dostluğa, imana, ibadətə çağıran azan səsinə könül rahatlığı ilə qulaq asa-asa evə qalxıram...