Bu gün Bakı Dövlət Universitetində Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ənənəvi Novruz şənliyi keçirilib.
Rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq bu gözəl bayram münasibətilə təbriklərini çatdırıb. Bahar bayramını birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə edən rektor, onun tarixi əhəmiyyətindən bəhs edib.
BDU-nun Mətbuat və İnformasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin günü-gündən inkişaf etdiyini söyləyən rektor, Azərbaycanın reytinqinin ilbəlil artdığından, dünya dövlətləri, beynəlxalq təşkilatlar arasında söz sahibi olmasından danışıb.
Sonra 17 fakültənin hər birinin böyük zövqlə ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirilib. Rektoru qarşılayan fakültə dekanları və tələbələr hazırladıqları səhnələr haqqında məlumat veriblər. Onların hər birinin işi ilə ayrı-ayrılıqda tanış olan rektor bayramlarını təbrik edib, xoş günlər arzulayıb.
Sonda münsiflər heyətinin qərarına uyğun olaraq qaliblər müəyyənləşib.
5 fakültə – Jurnalistika, Biologiya, Kitabxanaçılıq və informasiya, Geologiya, Ekologiya və torpaqşünaslıq fakültələri ən yaxşı, 12 fakültə isə yaxşı hazırlaşanlar kimi yer tutublar. Fakültələrə pul mükafatı təqdim edilib.
5 fakültənin birincisi isə ötən 2 ildə ki, hazırladığı orijinal səhnəyə görə Novruzun qalibi olan Jurnalistika fakültəsi olub. Tələbələrin sözlərinə görə bu işdə dekan müavini Əli Hacıyevin xüsusi xidməti var.
Tədbir konsert proqramı ilə başa çatdı.