Bu gün ali məktəbə qəbul olmaq gənclər üçün, demək olar ki, ən əsas məsələyə çevrilib.
Bəziləri həqiqətən təhsil almaq, hansısa peşəyə yiyələnmək, bəziləri isə “qonşudan qalma geri” prinsipini əldə tutaraq universitetlərə daxil olurlar. Düzdür, elə sahələr var ki, ona əvvəlcədən həvəsin olmasa da, ali təhsil aldıqdan sonra müəyyən dərəcədə o işdə qalmaq istəyirsən. Amma elə yaradıcı sənətlər də var ki, onun üçün mütləq xüsusi istedada, qabiliyyətə malik olmalısan. Məsələn, Jurnalistika kimi...Belə bir deyim var: “Jurnalist olmur, doğulur”...
AZXEBER.COM portalı olaraq, bu məsələni araşdırdıq və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində sorğu keçirdik. Sorğunun məqsədi tələbələr arasında kimin sözügedən peşəyə həvəsi, marağı olduğunu öyrənmək idi.
Sorğu zamanı həm I kurs, həm də III-IV kurs tələbələrinin fikirlərini öyrəndik.
CAVADZADƏ ŞƏBNƏM –(I KURS)- “Beşinci sinifdən jurnalist olmağı arzulamışam. Amma buna baxmayaraq, bəzən peşmançılıq hiss etmişəm. Çünki jurnalistikada tanınmaq üçün, irəli getmək üçün mütləq aktiv olmalisan. Təəssüf ki, mən elə deyiləm”.
MƏMMƏDLİ NİFTULLA –(I KURS)- “ Jurnalistikanı çox istəyirəm. Bu sahə mənim üçün çox maraqlıdı. Balim çıxdıqdan sonra jurnalistikanı birinci yazacağımı düşündüm. Amma ailəm birinci hüququ, sonra ərəb dilini, daha sonra isə jurnalistikanı yazmağımı məsləhət gördülər. Elə də etdim. Son nəticədə özüm istədiyim yerdəyəm”
AĞAYEVA RƏMZİYYƏ –(I KURS)- “Sözün düzü, jurnalist olacağım barədə düşünməmişdim. Hüquqşünas olmaq istəyirdim. Amma yəqin qismət belə gətirdi ki, jurnalistikaya qəbul oldum”
BALACAYEVA LAMİYƏ- (IV KURS)- “Jurnalistikanı o qədər çox sevirəm ki, bura sənəd verdiyim ilk il balım yetərli olmadığına görə kəsildim. Və ikinci il yenə də hazırlaşıb arzuma çatdım. Məncə, məqsədinə çatmaq üçün daim çalışmalısan. Hazırda da öz ixtisasım üzrə işləyirəm və çox məmnunam”
MƏCİDLİ BƏXTİYAR- (III KURS)- “ATV telekanalında müxbir olaraq çalışıram. Və fikirləşirəm ki, fakültədə praktiya üstünlük verilən fənlər nə qədər çox olsa bizim üçün daha yaxşı olar. Çünki mən 3 ildə burda öyrənmədiklərimi iş müddətində əldə etmişəm”.
QULİYEVA NURANƏ –(III KURS)- “Xəyallarımda özümü həmişə jurnalist kimi təsəvvür etmişəm. Və birinci də onu yazmışdım. Amma zaman keçdikcə həvəsimin öldüyünü düşündüm. Çünki bizə burada daha çox nəzəri fənlər tədris olunur. Peşəkar jurnalist olmaq üçün praktika da ən az nəzəriyyə qədər zəruridir”.
Göründüyü kimi fikirlər müxtəlifdir. Amma sonda qeyd etmək istəyirik ki, hansı peşəni seçməkdən asılı olmayaraq işimizə sevgi ilə yanaşmalıyıq.
Çünki sevgi ilə görülən işin nəticəsi də uğurlu olur. Və biz yalnız o zaman irəliyə gedə bilərik.
Ayşə İsazadə