"Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi, siqarət əleyhinə təbliğat işini genişləndirməkdə israrlıdır. Qurumun rəhbəri Mətləb Salahov AZXEBER.COM-a bildirib ki, jurnalist təşkilatı Azərbaycan ərazisində ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunması ilə bağlı Milli Məclisdə qəbul olunması planlaşdırılan qanunda, daha sərt və ciddi cəza tədbirlərini əks etdirən maddələrin yer almasını istəyir. Qurum rəhbərinin bildirdiyinə görə, hər il milyonlarla insanın həyatını məhv edən bu zərərli vasitəyə qarşı daha effektli mübarizə aparmaq, yaşadığımız günlərdə oduqca aktual məsələdir:
“Biz Milli Məclisdə qəbul olunması planlaşdırılan ictima yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun kifayət qədər sərt və eyni zamanda ciddi təsirə malik olmasını istərdik. Yəni istərdik ki, siqaret əleyhinə qəbul olunacaq yeni qanun, bundan əvvəlki qəbul olunan formal və təsirsiz qərarların acı aqibətini təkrarlamasın. Azərbaycan cəmiyyətində, təkcə özünün deyil, həmçinin yüzlərlə insanın həyatını zəhərləyən hər kəs ciddi inzibati və böyük miqdarda maliyyə sanksiyası ilə cəzalandırılsın.Əgər qəbul olunacaq yeni qanunda ciddi cəza tədbirləri əks olunmasa, insanlar bu qanununa riayət etməyə məcbur edilməsələr, bu qanun da başqaları kimi ancaq kağız üzərində qalacaq”-deyə M.Salahov fikrini tamamlayıb.