Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binanın 8 mərtəbəsi artıq hazırdır. Bu barədə tikintidə çalışan fəhlələr məlumat verib.
Onların sözlərinə görə, tikilməkdə olan 16 mərtəbəli binanın 2 mərtəbəsi qaraj kimi nəzərdə tutulub: “Tikinti işlərinin yay aylarına kimi yekunlaşdırılması planlaşdırılır. Binalar da kitab şəklində tikilir. Bir hissəsi Neft Şirkətinin tikildiyi binalara, bir hissəsi isə dənizə baxacaq”- deyə fəhlələrdən biri deyib.Tikintini isə “Ports” MMC aparır. Tikinti şirkətinin əməkdaşı deyir ki, tikinti işləri sürətlə görülməkdədir.Qeyd edək ki, 2010-cu il iyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Ev üçün yeri Dövlət Neft Şirkəti ayırıb və Bakı Şəhər İcra Hakimiyyəti bunun üçün sərəncam verib. Həmin bina da ayrılan vəsait hesabına tikilir.KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə bir müddət əvvəl “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı mənzillərdən ibarətdir: “Binanın mənzilləri 2013-cü ilin sentyabr ayına qədər tam təmir olunmuş şəkildə jurnalistlərin istifadəsinə veriləcək”.
musavat.com