00:13 çərşənbə, 20 Noyabr 2019
MARAQLI

Jurnalistləri güllələyən, narkotik qurbanı olan DAHİ - “7 ildə 12 min qadınla yatıb”

11:55, 31.10.20195456
Jurnalistləri güllələyən, narkotik qurbanı olan DAHİ - “7 ildə 12 min qadınla yatıb”

1960-cı ilin bugünkü tarixi, səhər saat 05:00. Don Dieqo doğum evinin dəhlizində həyəcanla ora-bura gedərək, xəbər gözləyir. 4 qız övladından sonra oğlunun olacağına ümid edir. Nəhayət, gözünü çəkmədiyi qapı açılır və ona yaxınlaşan həkimdən həsrətində olduğu xoş xəbəri eşidir: "Təbriklər, oğlunuz oldu”.

Həyat yoldaşı Dalma Salvadora Frankonun həmin gün dünyaya gətirdiyi körpə gələcəyin məşhur ulduzu, bu gün 59 yaşını qeyd edən Dieqo Armando Maradona idi.

"Atam bizi dolandırmaq üçün hər gün işləyirdi”

10 aylığında yeriməyə başlayan Maradona sadə, kasıb ailədə böyüyüb. Atasının maaşı ailənin dolanışığına güclə yetirdi. Valideynlərinə kömək etmək üçün bacıları ilə birlikdə Dieqo da gildən gülqabı düzəldib bazarda satır, qazandığı pulu anasına verirdi. "Atamı başa düşürdüm. O, həftəsonu da əziyyət çəkir, hər gün işləyirdi ki, bizi dolandıra, oxutdura bilsin”, - həmin dövrü belə xatırlayır Maradona.

Uşaqlıq illəri Argentina məhəllələrində keçib Dieqonun. Həmyaşıdları kimi, o da topun dalınca düşür, futbolun ilk sirlərini öyrənməyə çalışırdı. 7 yaşı tamam olan gün xalası oğlu ona top hədiyyə edir. Dieqonun sevinci yerə-göyə sığmırdı, axı bu, onun ilk topu idi. Özünü dünyanın ən xoşbəxt uşağı sayırdı, gecə də topu qucaqlayaraq yatmışdı.

Səhər məhəllə uşaqlarına özünü göstərmək üçün dərhal həyətə düşür. Dostları onunla oynamaq istəsələr də, Maradona topunu heç kimə vermir. O gündən yaz gələnə qədər bir də topu həyətə düşürmür, arada evdə bacıları ilə oynayırdı. Nəhayət, bir gün topunu digər uşaqlarla bölüşməyə qərar verir. Topla davranmağı, zərbə vurmağı ilk dəfə atası öyrədib ona. Qələmi sol əllə tutduğundan, topa da sol ayaqla zərbə endirmək asan gəlirdi Dieqoya. Ayağı top tutmağı öyrənəndən sonra özündən böyük uşaqlarla futbol oynamağa başlayır. Təzə-təzə kimsə onu aldadanda küsür, topu götürüb evə gedirdi. Lakin tədricən digərləri kimi oynamağı öyrənir. Əvvəlcə libero mövqeyində yer alsa da, sonra hücum xəttinə keçir.

"Onu dartırdılar, vururdular, amma yıxılmırdı”

8 yaşı olanda 10 yaşlı Qoyo Karriso ilə tanış olur. Karriso həmin vaxt "Argentinos Xuniors”un uşaq komandasında çıxış edirdi. 1969-cu ildə Karriso Maradonanı klubun skautu və 14 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Fransisko Kornexo ilə tanış edir. Dieqonu ilk dəfə görən Kornexo onun oyununa heyran qalır və Maradonanı kluba cəlb edir. Sonra istedadlı uşaqlardan ibarət "Los Sebolyitas” komandasını qurur. Maradona kollektiv üzvlərindən 3 yaş balaca olsa da, qısa vaxtda həmin komandanın liderinə çevrilir. Arıq olmasına baxmayaraq, uşaq yaşlarından əzələsinin güclü olması ilə seçilirdi Dieqo. Kornexo həmin illəri belə xatırlayır: "Maradona hələ o vaxt topla, demək olar ki, hər şey edə bilirdi. Yaxşı texnikasından əlavə, yorulmaq bilmirdi. Onu dartırdılar, ayağına zərbə vururdular, amma yıxılmırdı”.

12 yaşında Maradonanı tanıyanların sayı bir qədər də artmışdı. Buna baxmayaraq, Dieqonun ailəsi əvvəlki kimi yoxsulluqdan əziyyət çəkirdi. Üstəlik, bu müddətdə 2 əkiz qardaşı və 1 bacısı da dünyaya gəlmiş, ailələri daha da böyümüşdü.

İlk məhəbbəti qonşu qızı olur

1976-cı il oktyabrın 20-də, 16 yaşını tamamlamağa 10 gün qalmış Maradona "Argentinos Xuniors”un əsas komandasında debüt edir. Baş məşqçi matçın son 10 dəqiqəsində ona şans verir. Meydana yaşına uyğun - 16 nömrəli formada çıxan Dieqo pis təsir bağışlamır, ancaq komanda yoldaşı onun yaratdığı qol vəziyyətini dəyərləndirə bilmir. Uduzsalar da, azarkeşlər Maradonanın oyununu bəyənirlər. "Bu gün əllərimlə göyə toxundum”, - deyə Dieqo matçdan sonra sevincini bölüşür.

Elə bu ərəfədə Maradona özündən 2 yaş böyük, qonşu qızı Klaudiya Vilyafanya ilə ilk sevgisini yaşamağa başlayır. Onu rəqsə dəvət edəndə Dieqonun 17 yaşı var idi. Bir müddət sonra isə sevgilisini öz ailəsi ilə tanış edir. Aralarındakı münasibətə baxmayaraq, Maradona evlənməyə tələsmirdi.

"Ağ ölüm”lə tanışlıq

5 il "Argentinos Xuniors”da oynadıqdan sonra 1981-ci ildə "Boka Xuniors”la müqavilə imzalayır. Həmin il "Boka” çempion olur. 1982-ci ilin yayında "Barselona” Dieqo Maradonanı 7,5 milyon dollar qarşılığında heyətinə qatır. Lakin "Barsa” karyerası uzun çəkmir. Elə həmin dövrdə narkotikdən istifadəyə başlaması sağlamlığı ilə bağlı ciddi fəsadlara, çoxlu zədə almasına səbəb olur. Yekunda rəhbərliklə arasında narazılıq yaranır. Klub prezidenti ilə son çılğın mübahisədən sonra Maradona özü təzminat ödəyərək "Barselona”nı tərk etməyə hazır olduğunu bildirir. Həmin vaxt səhnəyə "Napoli” çıxır.

"Napoli”, Berluskoni və "Ferrari F-40”

Maradona Neapolda böyük coşqu ilə qarşılanır. Təqdimat mərasimini izləmək üçün stadiona 70 mindən çox azarkeş gəlir. Dieqo "Napoli”də debüt etməmişdən yerli azarkeşlərin kumirinə çevrilir. Onun karyerasının ən uğurlu anları da məhz həmin dövrə təsadüf edir. Maradona "Napoli”də UEFA Kubokunun, 2 dəfə Skudettonun qalibi olur. Silvio Berluskoni onu "Milan”a transfer etmək üçün dəridən-qabıqdan çıxır. Maradonaya daha artıq maaş, Milanın mərkəzində dəbdəbəli villa vəd etsə də, hər dəfə qarşı tərəfdən "yox” cavabını eşidir. Dieqonun bu sadiqliyinə "Napoli” rəhbərliyi ona "Ferrari F-40” avtomobili hədiyyə etməklə cavab verir.

"O, Tanrının əli idi”

1986-cı il Maradona üçün daha yaddaqalan olur. Meksikada keçirilən dünya çempionatında Dieqonun da yer aldığı Argentina millisi yarımfinala gedən yolda İngiltərə yığması ilə qarşılaşır. 51-ci dəqiqədə Maradona topu əllə qapıdan keçirsə də, bu, hakimlərin nəzərindən qaçır. Həmin epizoda "O, Tanrının əli idi” deyə şərh verən Maradonanın ingilislərə vurduğu 2-ci qol isə futbol tarixinin şedevrlərindən sayılır. Argentina yığması həmin mundialda bütün rəqiblərini məğlub edərək kuboka yiyələnir.

2 milyon dollarlıq toy

Karyerasının ən gözəl vaxtlarında - 1988-ci ildə Dieqonun uzun müddətdir birgə yaşadığı, ancaq evlənmədiyi Klaudiyadan ilk qızı dünyaya gəlir, Maradona körpəyə anasının adını qoyur. 1989-cu ildə isə cütlüyün daha bir qızı - Canina doğulur. Bundan sonra Maradona daşı ətəyindən töküb Klaudiya ilə evlənməyə razı olur. Elə həmin il, noyabrın 7-də Buenos-Ayresin "Luna Park” stadionunda toyları baş tutur. Maradonaya 2 milyon dollara başa gələn mərasimdə 1500-dən çox qonaq iştirak edir. Toyuna külli miqdarda pul xərcləməsi haqda danışan Dieqo "Klaudiya bu günü elə həsrətlə gözləyirdi ki, onu sevindirməyə bilməzdim” - deyir.

15 aylıq diskvalifikasiya, 2 illik şərti cəza

"Napoli”də işləri yaxşı gedirdi. Lakin 1991-ci ilin martında dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanır. 15 ay müddətinə futboldan kənarlaşdırılan Dieqo bir daha "Napoli”yə qayıtmır. Cəzası bitdikdən sonra "Sevilya” ilə anlaşsa da, İspaniya karyerası yenə qısa çəkir. Orda cəmi 1 mövsüm keçirdikdən sonra baş məşqçi ilə konflikt yaşayır və klubdan ayrılır.

"Nyuells Old Boyz”a keçən Maradona cəmi 5 oyundan sonra yenə baş məşqçi ilə problem yaşadığına görə komandanı tərk edir. Bu azmış kimi, 1994-cü il, fevralın 2-də evinin ətrafında reportaj hazırlayan jurnalistlərə pnevmatik tapançadan atəş açır. Nəticədə 4 nəfər yüngül xəsarət alır, Maradonaya isə 2 illik şərti cəza verilir.

Bir müddətdən sonra yenidən futbola qayıdan Maradonanın son dayanacağı "Boka Xuniors” olur. 1997-ci ildə futbolçu karyerasını bitirdiyini elan edir.

Gizli eşq münasibətləri

Futbolçu karyerası kimi, şəxsi həyatı da enişli-yoxuşlu olub Maradonanın. Narkotik və qadın düşkünü olan Dieqo tez-tez qalmaqalları ilə gündəmə gəlib. Millidə komanda yoldaşı olmuş Xorxe Valdano onun həyatını 3 cümlə ilə təsvir edib: "Dieqonun həyatı dram idi. Bütün insanlar ona, o isə bütün insanlara həsəd aparırdı. Hamı Maradona kimi, Maradona isə hamı kimi yaşamaq istəyirdi”.

İlk məhəbbəti Klaudiya ilə münasibətdə olduğu müddətdə də digər qadınlarla görüşüb. Argentinanın Panamadakı səfirinın həyat yoldaşı, aktrisa Adriana Brodski ilə gizli eşq yaşayıb. "Napoli”də çıxış etdiyi vaxt tanınmış italiyalı aktrisalar - Loredana Berte və Xizer Parizi ilə də münasibəti olub.

29 ildən sonra oğlunu qəbul edir

1987-ci ildə neapollu Kristiana Sinaqra mətbuata açıqlamasında Maradonadan oğlunun olduğunu bildirir. Dünya çempionu əvvəlcə bunu inkar edirdi. Üstündən 29 il keçəndən sonra isə özünün adını daşıyan oğlu ilə görüşür və "Onu çox istəyirəm” deyə açıqlama verir. Halbuki buna qədər "Yalnız iki övladımı - Dalma və Caninanı qəbul edirəm. Digərləri isə pulumun və səhvlərimin məhsuludur” demişdi. Digərləri deyəndə oğlu ilə yanaşı, nikahdankənar dünyaya gələn daha 2 övladını nəzərdə tuturdu.

Bütün olanlara baxmayaraq, Klaudiya hər dəfə Dieqonun xəyanətini bağışlayırdı. Ancaq ona 2 övlad bəxş edən qadının da, nəhayət, səbri tükənir və Klaudiya 2003-cü ildə boşanmaq üçün məhkəməyə müraciət edir. Məlum olur ki, Maradona 5 ildir evdən, ailəsindən ayrı qalırmış.

Ayrılandan sonra, 2005-ci ildə Maradona özündən təxminən 20 yaş kiçik idman müəlliməsi Veronika Oxedo ilə görüşməyə başlayır. Yeri gəlmişkən, nikahdankənar övladlarının anaları sırasında Oxedonun da adı çəkilir. Onunla münasibəti çox çəkmir.

"Bunu özümə heç vaxt bağışlamayacağam”

Narkotik Maradonanın həyatında ən böyük bəla olub. "Barselona”da oynadığı vaxtdan qurşandığı "ağ ölüm” həyatının sonrakı illərində də onu rahat buraxmayıb. Özü də bunu dəfələrlə etiraf edib: "Mən narkoman olmuşam, narkomanam və həmişə narkoman olaraq qalacağam. İlk dəfə dadanda başa düşürsən ki, tezliklə hər gün onunla mübarizə aparmalı olacaqsan. Narkotik maddələr qəbul etdiyim üçün qızlarımın necə böyüdüyünü görə bilmədim. Bunu özümə heç vaxt bağışlamayacağam”.

Narkotikdən xilas olmaq üçün dəfələrlə Argentina və Kubada xəstəxanada yatıb. Qurşandığı bəla illər keçdikcə ürək və əsəb sisteminə də pis təsir göstərməyə başlayıb. Bu səbəbdən bir müddət psixiatrik xəstəxanada da müalicə alıb: "Orda xəstələrdən biri özünü Napoleon, başqası San Martin hesab edirdi. Maradona olduğuma isə heç kim inanmırdı”.

Mafiyanın köməyi ilə qayıdan mükafat

Onun "Napoli”də oynadığı vaxt mafiya ilə əlaqəsinin olduğu haqda da xəbərlər yayılmışdı. DÇ-1986-nın ən yaxşı oyunçusu seçildiyinə görə aldığı "Qızıl top” oğurlanarkən, məhz Neapol mafiyası köməyinə çatmış, oğrunu taparaq Maradonanı mükafatına qovuşdurmuşdu.

Maradona 1989-cu ildə argentinalı fahişələrin İtaliyaya gətirilməsinə görə günahlandırılmışdı. Həmin işlərdə yaxından iştirak etdiyi təsdiqlənən Karmela Çinkueqrananın açıqlaması gündəmi zəbt etmişdi: "Maradona Neapolda yaşadığı müddətdə 12 min qadınla yatıb”.

"O, kişi deyil”

1998-ci ildə argentinalı hücumçu Klaudio Kanicanın xanımı Mariana Nannis Maradonanı "mavi” adlandırmışdı. Bu açıqlamaya Dieqonun qol vurduqdan sonra Kanicanın dodağından öpməsi səbəb olmuşdu. Maradona həmin sözə görə onu məhkəməyə vermişdi.

Maradonanın qızı Canina 2008-ci ildə futbolçu Serxio Aqueroya ərə getsə də, onların ailə həyatı cəmi 5 il çəkmişdi. Həmin vaxtdan Maradona Aqueroya nifrət edir: "Aquero zəifdir. Onun adını çəkməkdən utanıram, çünki kişi deyil”.

/// lent.az

XƏBƏR LENTİ