- Milli Kitab Mükafatının “uzun siyahı”sı açıqlandı. Bu haqda nə deyə bilərsiniz?
- Açığını deyim ki, Milli Kitab Mükafatının uzun siyahısı məni təəccübləndirmədi. Əvvəla, ona görə ki, iyirmiliyə düşən əsərlərin əksəriyyəti ilə ədəbi mühit demək olar ki, tanışdır. Yəni, bunlar ətrafında daha çox müzakirələr aparılan, ədəbi tənqidin diqqətini cəlb edən əsərlərdir. Mən bunu çox yaxşı bir hal hesab edirəm.
- “Çöl” romanının iyirmiliyə düşəcəyini gözləyirdinmi?
- Düzünü deyim ki, romanımın iyirmiliyə düşəcəyini gözləyirdim. “Çöl” romanının son zamanlar xeyli müzakirəsi aparıldı, haqqında müxtəlif fikirlər səsləndirildi. Hətta, tənqidçilər və digər qələm adamları tərəfindən son dövrün ən uğurlu romanı kimi dəyərləndirildi. Təbii ki, romanım kifayət qədər tənqid də olunub. Hesab edirəm ki, haqqında bu cür ziddiyyətli fikirlər söylənilən bir əsəri Milli Kitab Mükafatının nəyinki, uzun siyahısına, eyni zamanda qısa siyahıya da düşməsi maraqlı olardı.
- Siyahıda kimi özünə rəqib görürsən?
- Mənə elə gəlir ki, bu suala bilavasitə olsa da cavab verdim. Özümü təkrar eləmək istəmirəm. Sadəcə onu qeyd etmək istəyirəm ki, Milli Kitab Mükafatının adındakı milli sözü ən çox mənim əsərimə yaraşır. Əlbəttə, siyahıda maraqlı əsərlər çoxdur. Bunlar arasında ən yaxşısını müəyyənləşdirmək isə ekspertlərin və münsiflərin işidir. Onların ədəbi gəncliyə qarşı diqqətli olacaqlarına ümid eləyirəm.
- Siyahıda gənclərlə yanaşı, nisbətən yaşlı nəslin nümayəndələri də var. Bu səni narahat etmir ki?
- Konkret şəkildə narahat etmir. Ancaq istərdim ki, bir məsələni də qeyd edim.Milli Kitab Mükafatı yeganə ədəbiyyat müsabiqəsidir ki, hazırda çoxlarının diqqət mərkəzindədir. Məncə, yaxşı olar ki, bu fürsətdən daha çox gənc ədəbi nəsil yararlansın. Gənc ədəbi nəsilə imkan yaradılsın ki, özünü cəmiyyətə təqdim edib, göstərə bilsin. Necə ki, bu imkanlar yaradılır da. Əlbəttə, bu siyahıda yaşlı nəsilə məxsus kifayət qədər ciddi imzalar var. Lakin, bu dövr, bu zaman bizimdir.
Hacıbəy HEYDƏRLİ