Bank həbs edilən filial müdirinin 2012-ci ildən işdən çıxarıldığını iddia edib.
“Kapital Bank” ASC-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bankın Kürdəmir rayon filialının keçmiş müdiri Əlimövsüm Ağayev barəsində cinayət işinin açılması haqqında Baş Prokurorluğun yaydığı xəbərə aydınlıq gətirib.
Bankın məsələ ilə bağlı açıqlamasında bildirilib ki, 2008-ci ilə aid bu pozuntu bir neçə ay əvvəl Kürdəmir rayon filialında aparılmış bankdaxili yoxlama zamanı üzə çıxarılıb. Bank tərəfindən faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma nəticəsində cinayət işi açılıb.
Press-relizdə o da bildirilib ki, məlumatda adı çəkilən Əlimövsüm Ağayev6 aprel 2012-ci ildən Kapital Bankda çalışmır.
Xatırladaq ki, “Kapital Bank” ASC-nin Kürdəmir filialının vəzifəli şəxsləri haqqında cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, “Kapital Bank” ASC-nin Kürdəmir filialının vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə həmin cəmiyyətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı filialın müdiri Əlimövsüm Ağayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankın vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə etməklə saxta müqavilələr tərtib edib cəmiyyətə məxsus 70 min 534 manat məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.