“Kapitalbank” ASC-nin “İmişli”, “Şabran və “Biləsuvar” filiallarının vəzifəli şəxsləri barədə cinayət işi açılıb.
Bu barədə AzNews.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən şəxsləri qanunsuz əməlləri daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Aparılmış araşdırmalar zamanı məlum olub ki, bankın “İmişli“ filialının kredit şöbəsinin sabiq əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və baş xəzinədar Seymur Qasımov xidməti vəzifələrinin icrası zamanı qanunsuzluqlara yol verib. Belə ki, sözügedən şəxslər saxta kredit müqavilələri rəsmiləşdirilməsi, kredit məbləğlərinin müştərilərə tam həcmdə verilməməsi, kreditlərin ödənişə qəsdən yönəldilməməsinə kimi qanunsuz əməllər ediblər.
Bundan əlavə bankın “Şabran” filialının sabiq mütəxəssisi Ceyran Orucova vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müştərilərin şəxsiyyətini təsdiq edən sənədləri müvafiq qaydada yoxlamadan 295 rayon sakininə 305 ədəd ödəniş kartı hazırlatması, bankın “Biləsuvar” filialının sabiq baş xəzinədarı Nəriman Cəfərov və əməliyyatçısı Pərviz Əzizovun qabaqcadan əlbir olaraq vəfat etmiş rayon sakininin adına olan plastik kartdan pul vəsaitlərini məxaric etməklə vətəndaşların və bankın hüquqlarına və qanuni mənafelərinə zərər vurub. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.