Kazan bitdi, Ermənistan Azərbaycanı ittiham etməyə başladı

Kazan bitdi, Ermənistan Azərbaycanı ittiham etməyə başladı
Bütün Xəbərlər
10:52 26.06.2011
1622
“Turan”ın məlumatına görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib ki, Kazan görüşü Bakının beynəlxalq vasitəçilərin təklif etdiyi əsas prinsiplərin son variantını imzalamamasına görə nəticəsiz qurtarıb.

İyunun 24-ü Kazanda Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan və Rusiya prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar aparıb. Yekunda birgə bəyanat qəbul olunub. Bəyanatda deyilir: “2011-ci il iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Kazanda görüşüb və onların tapşırığına əsasən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsipləri layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişini nəzərdən keçiriblər. Dövlət başçıları bir sıra məsələlərə dair qarşılıqlı anlaşma əldə edilməsini, bu məsələlərin həllinin əsas prinsiplərin bəyənilməsi üçün şərait yaradılmasına kömək etdiyini bildiriblər.
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi Rusiya, ABŞ və Fransa liderlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə daimi diqqətinə görə onlara minnətdarlıq bildirib və Rusiya prezidentinin razılaşma əldə edilməsinə kömək üçün göstərdiyi şəxsi səylərini yüksək qiymətləndiriblər”. 

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Kazan görüşündə heç bir sənədin imzalanmamasını Azərbaycanın beynəlxalq vasitəçilərin təklif etdiyi baza prinsiplərinə 10-a yaxın dəyişiklik təklif etməsi ilə bağlayıb: “Bu amil Kazan görüşünün həlledici olmaması ilə nəticələnib”.

Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda o da bildirilir ki, Edvard Nalbandyan sülh danışıqlarının davam edəcəyini və başqa həll yolu olmadığını vurğulayıb.

Vaşinqtondakı diplomatik mənbə Azərbaycan, Rusiya, Ermənistan prezidentlərinin görüşünü “Turan”ın müxbirinə şərh edərkən deyib: “Görüş saziş imzalanmadan başa çatıb. Bu da, sözsüz ki, məyusluq doğurur”.

Dağlıq Qarabağ münaqişəsi üzrə tanınmış ekspert Tomas de Vaal da məyus olduğunu bildirib: “Baza prinsipləri üzrə sazişin olmaması pis siqnaldır. Əgər il ərzində tərəflər razılıq əldə etməsələr, onlar müharibəyə daha çox yaxınlaşacaqlar”.

Kazan görüşünü şərh edən azərbaycanlı politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov “Azadlıq” radiosuna deyib ki, razılaşmanın alınmaması münaqişə tərəfləri arasında gərginliyin artmasına gətirə və Rusiyanın regiondakı nüfuzuna mənfi təsir göstərə bilər.

“Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Qarabağ nizamlanmasına dair baza prinsiplərini razılaşdırmasalar da, danışıqlar tərəflərin sülh prosesini davam etdirməyə hazır olduqlarını göstərdi”. Analitik Təbib Hüseynov “Turan”a müsahibəsində belə deyib.

Bəzi müşahidəçilərin Kazan danışıqlarını sonuncu şans hesab etdiyini xatırladan analitikin fikrincə, Kazan görüşü baza prinsiplərinin sonu deyil: “Əgər biz Kazan görüşünün konkret nəticələrini görmürüksə, bu o demək deyil ki, onlar yoxdur”.

Prezidentlərin birgə bəyanatını şərh edən Təbib Hüseynov bildirib ki, sənəddə cəmiyyətlərin baza prinsiplərinin qəbuluna hazırlanmasının vacibliyi əksini tapıb: “Xüsusən, bu, Ermənistana aiddir. Belə ki, burada daxili siyasi vəziyyət gərgindir və baza prinsiplərinin qəbulu Ermənistan prezidenti üçün yalnız hakimiyyət itkisi yox, həm də fiziki itki təhlükəsi yaradır”.

Cəmiyyəti sülhə hazırlamaq üçün tərəflər nə etməlidir? Sualı cavablandıran analitik deyib ki, Azərbaycan hərbi ritorikanı azaltmalıdır: “Bu, erməni tərəfə sülh prosesini pozmağa bəhanə verir. Erməni tərəfi isə Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasının mümkünsüzlüyü məsələsini qaldırmaqdan əl çəkməlidir. Həm də cəbhə xəttində sakit atmosfer olmalıdır”.

Təbib Hüseynov qeyd edib ki, dünya birliyi tərəfləri nizamlanmanın yubadılmasının perspektivsiz olmasına inandırmaq üçün onlara təsiri gücləndirməlidir: “Xüsusilə bu, Ermənistana aiddir. Qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasından imtina baha başa gələ bilər”.

Analitik Kazan görüşünün Azərbaycanın təklif etdiyi 10 düzəlişə görə uğursuz olduğunu iddia edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bəyanatının tam həqiqət olmadığını vurğulayıb: “Danışıqlar masasında konkret sənəd var. Bunu hər iki tərəf əsas kimi qəbul edir və tərəflərin ayrı-ayrı formul üzrə təklifləri ola bilər. Konseptual planda məhz Ermənistan sənədin fəlsəfəsinə zidd mövqe tutur. Bu, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlıdır”.

“Media forum” saytının məlumatına görə, iyunun 25-də Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin toplantısı keçirilib. Toplantıda prezidentlərin Kazan görüşündən sonra Qarabağın taleyi ilə bağlı yaranmış təhlükəli vəziyyət müzakirə olunub. QAT-ın rəyinə görə, Kazan görüşünün nəticəsiz sona çatması həmsədr ölkələrin ermənipərəst mövqe tutduqlarını nümayiş etdirir: "Minsk qrupu həmsədrlərinin məqsədi Qarabağ münaqişəsinin ədalətli həllini tapmaq deyil, onlar daha çox status-kvonu saxlamağa, Ermənistanın işğal edilmiş ərazilərdə ağalığını təmin etməyə çalışırlar. Ona görə də bu danışıqları davam etdirməyin heç bir mənası yoxdur. QAT Ali Məclisi bu məsələləri nəzərə alaraq hakimiyyətdən dərhal müharibəyə başlamağı tələb edir”.



OXŞAR XƏBƏRLƏR