Keçmiş “NİDA”çı: "Ölkə Prezidenti anamın göz yaşlarını sevinc göz yaşları ilə əvəz etdi"

GƏNCLİK
15:47 31.10.2014
2063

Keçmiş "NİDA"-çı Elsevər Mürsəliyevin SİA-ya müsahibəsi

- Elsəvər bəy, “NİDA” dan istefa verdikdən sonra məhz Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq qərarınız nədən irəli gəlir?

-Məktəbdə oxuduğum zamandan radikal müxalifətçilər məni öz işlərinə cəlb etmişdilər. Siaysi proseslərdən tamamilə xəbərsiz idim. Ona görə də məni başdan çıxarmaq asan oldu. 9 ay məhbus həyatı yaşadığım dönəmdə “Azadlıq” qəzeti öz maraqları naminə məni “siyasi məhbus” kimi qələmə vermişdi. Həmin insanlardan bir nəfəri belə, mənimlə maraqlanmadı.

"Ölkə Prezidenti anamın göz yaşlarını sevinc göz yaşları ilə əvəz etdi"

Ailəmin mənəvi dəstəyə ehtiyacı olduğu halda, evimin qapısını ümumiyyətlə, açmadılar. Amma bütün elədiyim əməllərə baxmayaraq, Cənab Prezidentimizə ünvanladığım məktubum müsbət cavablandırıldı. Ölkə Prezidenti anamın göz yaşlarını sevinc göz yaşları ilə əvəz etdi. Bəli, bu gün mən azadlıqdayamsa Cənab Prezident İlham Əliyevin əfvi sayəsində azadlıqdayam! Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmağımı özümə borc bildim. Bütün Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın və eləcə də Cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir.

- Müxalifət dairələri iddia edirlər ki, guya sizə təzyiqlər olub. Məhz bu “təzyiqin” nəticəsi olaraq siz YAP-a üzv olmusunuz. Bu kimi iddialar nə dərəcədə real səslənə bilər?

- Həbsdən çıxan zaman mən Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim. Bunu nə kiminsə təzyiqi altında, nə də ki, kiminsə fikri ilə etmədim. Mən müstəqil gəncəm, müstəqil fikrim var. Kiminsə məni məcbur etməyinə ehtiyac yoxdur. Bu mənim içimdən gələn addım idi. Məcbur edilmişiksə, mənimlə eyni gündə həbsdən çıxan Bəxtiyarı götürək... Bəs o niyə YAP-a üzv olmağa məcbur edilməyib? Deməli bu boş cəfəngiyyatdan başqa bir fikir deyil! Açıqlamalarımda bildirmişdim ki, mən YAP-a üzv olacam. Burada başqa məqamlar axtarmasınlar. Könüllü olaraq YAP-ın Xaçmaz rayon təşkilatına üzv olmaq istəyimi bildirdim və müsbət cavab aldım.

"Nə vaxtsa siyasi arenada olsam bunu hər kəs görəcək"

Radikallar belə qeyd etdilər ki, Elsəvər siyasətdən çəkilir, amma YAP-a üzv olacaq. Hər kəsə məlumdur ki, hakim partiyanın 600 mindən çox üzvü var və onların hamısı siyasətçi deyil. Bu gün hansısa partiyaya üzv olanda o demək deyil ki, siyasətin içində olacaqsan. Hazırda təhsilimi davam etdirməyi düşünürəm. Nə vaxtsa siyasi arenada olsam bunu hər kəs görəcək.

- “Azadlıq” qəzeti dərc etmişdi ki, sizə qarşı mütəmadi təzyiqlər olunur. Düşünmürsünüz ki, bunların arxasında Əli Kərimlinin bilavasitə şantajı dayanır?

- Həbsdə olan zaman Əli Kərimli və onun ətrafındakılar məni sıxışdırırdı. Mən həbsdə olan zaman “NİDA” nın üzvü olmuşam, azadlıqda olanda heç bir partiyanın üzvü deyildim, sadəcə müxalifətçilərin içində idim. Qeyd edim ki, “NİDA” vətəndaş hərəkatı müxtəlif vədlər verərək məni oraya üzv edib.

"Bütün konpensyasiyalar nədənsə Leyla Yunusa çatırdı"

Avropa təşkilatlarından guya konpensyasiyaya ayrılacaqdı ki, o da mənim ailəmə çatacaqdı. Amma bütün konpensyasiyalar nədənsə Leyla Yunusa çatırdı. Mən və ailəm bunlardan heç nə görməmişik. Əli Kərimliyə demək istəyirəm ki, mənim taleyimə bu qədər yanırdınsa, niyə bir dəfə məhkəməmə gəlmədin?! 15 dəqiqələrini belə mənə ayırmadılar. Halbuki mən onlara uyub kilometrələrlə yol yürüyürdüm. Onlar satqındılar, ona görə də belələrindən başqa heç nə gözləmək olmaz!

- Bəzi gənclər var ki, hələ də bu insanların təsiri altınadırlar. Həmin gənclərə siz nə demək istərdiniz? Onların əməlləri sizdə bir təəssüf doğurmur ki?

- “Milli Şura”nın keçirdiyi mitinqdə görüdük ki, hansısa bir terror təşkilatının bayrağını dalğalandırdılar. Onların ətrafında olan gənclər yağlı vədlərin, qızışdırmaların qurbanı olurlar. Bilmədən, dərk etmədən bu insanların arxasında getmək gənclərimizi uçuruma aparır. Çünki bu insanların kmiliyini hələ də görmürlər.

"Əli Kərimli nə hava çalsa Cəmil Həsənli o havanı oynayacaq"

Bu gün demokratiya hayqıran Əli Kərmli niyə öz postunu kiməsə vermir? 2000-ci ildən – 14 ildir ki, AXCP-ni idarə edir. Diktator olan bir insan necə demokratiya qışqıra bilər ki? Yaxud da, İsa Qəmbər. Bu qədər tənqiddən sonra yerini Arif Hacılıya versə də, hələ də partiyanı o idarə edir. Hamı yaxşı bilir ki, Arif Hacılı İsa Qəmbərin əlində sadəcə bir oyuncaqdır. Bunu hamımız bilirik, hətta İsa Qəmbərin oğlu Turqut Qəmbər də. Cəmil Həsənliyə gəlincə, Əli Kərimli nə hava çalsa Cəmil Həsənli o havanı oynayacaq.

"Bu gün məni qınaq obyektinə çevirənlər, sosial şəbəkədə ünvanıma təhqirlər yağdıranlar nə zamansa öz səhvlərini başa düşəcəklər"

Əgər Azərbaycanda demokratik mühüt yox idisə, bunu Cəmil Həsənli deputat olarkən də dilə gətirərdi. İndi deputat kürsüsündə deyil deyə ölkəmizdə demokratiyanın olmamasından şikayət edir. İndi olub düz söz deyən. Mən şəxsim adından ölkə rəhbərinə təşəkkür edirəm. Cənab Prezidentimiz mənim anamın gözünü yaşlı qoymadı. Həyatda mənim üçün bundan əziz heç nə ola bilməz. Anam neçə aylardır qəm-qüssə içində idi. Bu gün isə başı dik gəzir. Bundan sonra kim olursa olsun məni əqidəmnən döndərə bilməz. Radikallar ancaq ağızlarına gələni yaza bilirdi. Bu gün məni qınaq obyektinə çevirənlər, sosial şəbəkədə ünvanıma təhqirlər yağdıranlar nə zamansa öz səhvlərini başa düşəcəklər. Mən bunu əminliklə ifadə edirəm.

OXŞAR XƏBƏRLƏR