Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib. Dövlət başçısı çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra qarşıda duran vəzifələrdən danışıb. O, ölkənin müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsini, ideoloji təhlükəsizliyin qorunmasını və xarici siyasətin daha fəal aparılmasını əsas istiqamətlər sırasında qeyd edib. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı ictimai və dövlət maraqlarının qorunmasının, eləcə də Azərbaycanın müstəqil siyasət yürütməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı ideoloji məkanın yad təsirlərdən qorunmalı olduğunu bildirərək, "Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”, – deyə qeyd edib.
Prezident, həmçinin iqtisadi inkişaf, enerji və nəqliyyat-tranzit imkanları, Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq.
Qurultayda YAP Nizamnaməsinə dəyişiklik qəbul olunub və partiya sədrinin səlahiyyət müddətinə dair beşillik məhdudiyyət aradan qaldırılıb. Səsvermə nəticəsində partiyanın İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibləri də müəyyənləşib.
Milli Məclisin deputatı Zaur Şükürov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Prezident çıxışı zamanı çox önəmli məqamlara toxundu:

"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə xilaskar missiyası, ölkəmizin daxili və xarici siyasət kursu, Ermənistanın onilliklər boyu davam edən işğalçılıq siyasəti, şanlı Zəfərimiz, Qarabağ və Şərqi Zəngəzurda bərpa, quruculuq işləri və digər vacib məsələlərlə bağlı çox önəmli fikirlər səsləndirdi. Zəfərə gedən yolda maneələrin dəf edilməsi, xüsusilə də Ermənistanın, onun havadarlarının ölkəmizə qarşı məkrli düşmənçilik siyasətinin iflasa uğraması və nəhayət tarixi qələbəmizin əldə olunması heç şübhəsiz, Ümummilli Liderin uzaqgörən siyasəti və bu siyasi kursun Prezidentimiz tərəfindən son dərəcə mükəmməl, heyrətamiz şəkildə həyata keçirilməsi, xalqımızın ölkə başçısın ətrafında sıx birləşməsi, şəhidlərimizin, qazilərimizin, Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı nəticəsində mümkün olmuşdur. Biz Zəfərimizə öz gücümüz hesabına nail olduq, tək Ermənistana qarşı döyüşmədik, həm də bu işğalçı dövlətin havadarlarının planlarını puç etdik. Bu qüvvələr istər Vətən müharibəsi, istərsə də sonrakı dövrdə xalqımıza, dövlətimizə qarşı çirkin əməllərini həyata keçirmək üçün müxtəlif üsüllardan, həmçinin ideoloji vasitələrdən istifadə edərək, niyyətlərinə nail olmağa çalışırdılar. Amma dövlətimizin gücü, müstəqil siyasətimiz, iqtisadiyyatımız, heç kimdən, heç bir dövlətdən asılı olmamağımız, xalqımızın iradəsi, əzmkarlığı bu planları alt-üst etdi. Zəfəri qazanan Azərbaycan sülhü də qazandı. Ölkə başçısı qeyd etdi ki: "Ermənistanın arxasında onlar dayanmışdılar və bu gün də dayanırlar, hərə öz bildiyi formada. Ona görə biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik. Ona görə bu da ideoloji təxribatlara qarşı ciddi bir maneədir. Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir””.
Parlamentari qeyd edib ki, Azərbaycan dövlət başçımızın müstəqil, milli maraqlara cavab verən praqmatik siyasəti sayəsində qlobal səviyyədə davamlı nüfuz qazanan dövlətlərdən birinə çevrilib:
"Bu gün Azərbaycan dövlət başçımızın müstəqil, milli maraqlara cavab verən praqmatik siyasəti sayəsində nəinki regional, qlobal səviyyədə davamlı nüfuz qazanan dövlətlərdən birinə çevrilib. Ölkəmiz orta güc olaraq qəbul edilir. Bu ilin iyul ayında IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı Prezident İlham Əliyev orta güc dövlətlərə xas olan bəzi meyarları sadalayaraq, qeyd etdi ki, burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib. Bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur. Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir. Mühüm meyarlardan biri ölkə hüdudlarından kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyətidir. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib. Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də ölkə daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə məsuliyyətdir”.
Deputat vurğulayıb ki, Azərbaycan kənar qüvvələrin daxili işlərimizə müdaxilə etməsinə imkan vermir:
"Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, beynəlxalq münasibətlər sistemində bərabərhüquqluq, qarşılıqlı hörmət və milli maraqlar üzərində öz xarici siyasət prioritetlərini həyata keçirir. Eyni zamanda kənar qüvvələrin daxili işlərimizə müdaxilə etməsinə imkan vermirik. Təbii ki, öz maraqlarını, siyasətlərini yürütmək istəyən güc mərkəzləri tarixən müxtəlif təzyiq vasiətlərindən istifadə etmişlər və bu meyllər indi də müşahidə edilir. Lakin Azərbaycan dövlətinin müstəqil siyasəti, güclü iqtisadiyyatı, siyasi sabitliyi, enerji strategiyası, hərbi qüdrəti, etibarlı tərəfdaş imici və ölkə əhalisinin maddi rifah halının daim yüksəldilməsinə yönəlmiş addımlar bu kimi riyakar planların qarşısının alınması üçün vacib amillərdir”.
"İnanırıq ki, məhz Prezident İlham Əliyevin dövlətimizin inkişafı və xalqımızın firavan gələcəyi naminə uzaqgörən planları Vətənimiz Azərbaycanı daha güclü, qüdrətli ölkəyə çevirəcək və beynəlxalq nüfuzu davamlı olaraq artacaqdır”,-deyə deputat vurğulayıb.
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının "ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc edilib.
Şahanə Ziyad
