Kim Çen Inın 13 yaşlı qızı atasının yerinə keçəcək?

Kim Çen Inın 13 yaşlı qızı atasının yerinə keçəcək?
DÜNYA
00:48 12.11.2026
93
KXDR lideri Kim Çen In hakimiyyəti qızı Kim Çju E-yə təhvil verməyə hazırlaşır.

Bu barədə "Associated Press" agentliyi Şimali Koreya ilə əlaqələrini qoruyub saxlayan, ölkədən qaçaraq xaricə sığınan 10-dan çox şəxsin iştirakı ilə keçirilən sorğuya istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Kim Çju E-nin təxminən 13 yaşı var. O, 2022-ci ilin sonlarından etibarən dəfələrlə ictimaiyyət qarşısına çıxıb. Qız atasını silah sınaqları, hərbi paradlar və digər irimiqyaslı tədbirlərdə müşayiət edib.

Şimali Koreyanın dövlət mediası onu Kim Çen Inın "ən sevimli" və "hörmətli" övladı adlandırır. Cənubi Koreya kəşfiyyatı isə onu Şimali Koreya liderinin ehtimal olunan varisi hesab edir.

Şimali Koreyanın Londondakı səfirliyinin keçmiş əməkdaşı Txe Yon Xo bildirib:

"Raket poliqonlarına və zavodlara səfərləri zamanı KXDR-in yüksəkvəzifəli məmurları Kim Çju E ilə sadəcə Kim Çen Inın qızı kimi deyil, gələcək varisə münasibətdə nəzərdə tutulan protokola uyğun davranırlar".

Sorğuda iştirak edən 11 şəxsdən səkkizi bu fikirlə razılaşıb. Digərləri isə Şimali Koreyanın patriarxal quruluşunu əsas gətirərək bu ehtimala şübhə ilə yanaşıblar.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin məlumatına görə, KXDR Əmək Partiyasının 17 şöbəsindən yalnız birinə qadın - dövlət başçısının bacısı Kim Yo Çjon rəhbərlik edir.

"KXDR-dəki mənbələrim bildirirlər ki, bu balaca qıza ali lider kimi ehtiram göstərmək mənasız olardı", - deyə Şimali Koreya ordusunun sabiq zabiti Kim Çjon A qeyd edib.

Bununla yanaşı, analitiklər hesab edirlər ki, hazırda 40 yaşlarında olan Kim Çen In sülaləsinin hakimiyyətini qoruyub saxlamaq üçün böyük ehtimalla övladlarından birini özünə xələf təyin edəcək.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR