AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.Onun sözlərinə görə, bəzən avtobus sürücüləri planlaşdırılan istiqamətlər üzrə hərəkət etmirlər: “Sürücülər özləri dərk etməlidirlər ki, onlar kütləvi şəkildə insan daşıyırlar. 60-70 və bəzən də 90 nəfərə qədər iritutumu avtobus vasitələri var. İnsanlar sürücüyə etibar edib, onların idarə etdiyi marşuruta minirlər. Sürücülər tələsib nəyinsə xətrinə qayda-qanunu pozmamalıdırlar. Təssüflər olsun, son zamanlar sürücülərin səriştəsizliyi nəticəsində çoxlu sayda insan dünyasını dəyişib”.Z.Məmmədov bildirib ki, nazirlik bu sahədə islahatlar aparılması üçün təklif verib: “Yaxın zamanlarda aparılacaq islahatlar nəticəsində nizam-intizama tam nail ola biləcəyik. İctimaiyyət bu işdə bizə kömək olmalıdır. Bəzən sərnişinlər avtobusun istənilən yerdə saxlanılmasını sürücüdən tələb edirlər".Z. Məmmədov son vaxtlar paytaxtda aparılan reydlərdən danışıb. O bildirib ki, reydlərin məqsədi vətəndaşlarımızın rahatlığı və təhlükəsizliyi üçün keçirilir: “Kimin nəqliyyat vasitəsi varsa, üstünə taksi qoyub bu işlə məşğul olur. Sürücülər avtomobilin üstünə qoyduğu taksi ştampını götürür və deyir ki, bu işlə məşğul olmuram. Bildirmək istəyirəm ki, qayda-qanun hər bir vətəndaş üçündür. Ölkənin qanunu var ki, lisenziyasız bu növ fəaliyyətlə məşğul olmaq olmaz. Onlar qayda-qanunu pozurlar. Ona görə də biz bu reydləri keçirməklə sürücülərin nizam-intizamını, sənədlərini və avtobuslarda qayda-qanunun yaradılmasına nail oluruq".Nəqliyyat naziri vurğulayıb ki, Bakı şəhəri üzrə nəqliyyat biznesi ilə məşğul olan 150-dən çox fiziki-hüquqi şəxs var: “Onların rəhbərliyinə dəfələrlə müraciət olunub ki, sürücülərinizi qayda-qanunlara uyğun formalaşdırın. Təssüflər olsun, buna bəzən əməl edilmir, sürücülük vəsiqəsi olmayan insanlar sərnişinlərin taleyi ilə oynayırlar. Ona görə, məqsədimiz bu sahədə nizam-intizam yaratmaqdır”.