Kişi arvadını evinin qarşısına gətirən sürücünü döydü

Kişi arvadını evinin qarşısına gətirən sürücünü döydü
SOSİAL
09:35 03.08.2026
357
Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Famil Ömərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM Pravda.az-a istinadən xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Salyan Rayon Məhkəməsinin hökmü ləğv olunub. Zərərçəkmiş şəxslə barışdığından təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilib və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 2026-cı ildə saat 19 radələrində Salyan şəhəri, M.Dadaşov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında baş verib.

Belə ki, zərərçəkmiş İntiqam Amalov (adı, soyadı şərtidir) hadisə günü Famil Ömərovun həyat yoldaşını onun işlədiyi mağazadan götürərək avtomobillə yaşadığı ünvana gətirib. Təqsirləndirilən şəxs əvvəllər də zərərçəkmişdən arvadını birbaşa evlərinin qarşısında deyil, şadlıq sarayının yaxınlığında düşürməsini xahiş edib. Onun fikrincə, qadının hər dəfə evin qarşısında avtomobildən düşməsi ətrafda əsassız söz-söhbətlərin yaranmasına səbəb ola bilərdi.

Lakin hadisə günü İntiqam Amalov yenidən qadını yaşadığı evin qarşısında düşürdüyü üçün tərəflər arasında mübahisə yaranıb.

Sözlü mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Famil əsəbiləşərək İntiqam Amalova yumruq zərbəsi endirib. Zərbənin təsirindən zərərçəkmiş müxtəlif bədən xəsarətləri alıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, İntiqam Amalovun burnunun yumşaq toxumalarında şişkinlik və qançır, sol gözaltı nahiyəsində qançır, həmçinin burun sümüyünün sınığı müəyyən edilib.

Ekspertiza həmin xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirildiyini göstərib.

İstintaq orqanı Famil Ömərovun əməlini Cinayət Məcəlləsinin sağlamlığa qəsdən yüngül zərər vurmanı nəzərdə tutan maddəsi ilə tövsif edib.
OXŞAR XƏBƏRLƏR