Milli Məclisdə "KİV haqqında Qanun"a dəyişikliyi nəzərdə tutan yeni layihə müzakirəyə çıxarılacaq. AZXEBER.COM xəbər verir ki, parlamentə təqdim olunan sənəddə qüvvədə olan qanun layihəsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Layihəyə görə, il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edilən KİV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda belə bir iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı üçə bərabərdir.
Maddə 19. Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi
Kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.
Müvafiq icra hakimiyyəti orqanı:
1) əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə;
2) kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.
Müvafiq icra hakimiyyəti orqanı:
1) dövri mətbu nəşr bu Qanunun 3-cü maddəsinin beşinci abzasının tələblərini yerinə yetirmədikdə;
2) dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə);
3) kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə;
4) kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində üç dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.
Azxeber.com