Kor gözlərə işıq saçan məşəl!

Kor gözlərə işıq saçan məşəl!
Bütün Xəbərlər
01:03 16.06.2015
2880

Əfsələddin Ağalarov

Sən bizi görməsən də, biz səni gördük o gün. Aramla yeriyirdin. Qolundan yapışıb sənə yön verən oğlanın hərəkətlərini təkrar edir, gülümsəyə-gülümsəyə səni izləyənləri salamlayırdın. Və o gün sən əlindəki məşəllə hamını salamlayanda ədalətdən hay vuran, hüquqdan bar-bar bağıran dünyanın qulağının dibindən yaxşıca bir sillə ilişdirdin. Onlara və bizlərə Qarabağı xatırlatdın.

***

Yəqin ki, Qarabağdakı döyüşlərdə səni snayperlə gicgahından vurub öldüyünü zənn edən o erməni əsgəri səni televizorda görüb qorxusundan yorğan-döşəyə düşüb. Bu dəfə sən kor etdin onun gözlərini. Bu dəfə snayper sənin əlində idi. Sən atəşi onun düz gözündən vurdun. Ona və onun kimi işğalçılara, onların havadarlarına Azərbaycan əsgərinin gücünü göstərdin.

Şərəfli bir əsgər kimi, şərəfli bir idmançı kimi qürurlandırdın hamımızı o gün. Və sən iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyev olduğunu sübut etdin.

***

Həmin gün gözlərimiz sənin görməyən gözlərinə ilişib qaldı. Baxdığın yerdə zülmət qaranlığına qərq oldu insanlar. Sonsuz bir ümidlə, qələbəyə olan inacla yeridiyin o məkanda hamı səni ayaqda alqışladı. O məşəli sənin əlində görənlərin ürəyindəki buzlar da əriyib suya çevrildi. Sanki hamı erməni dığasının snayperlə səni vurduğu o günü xatırladı. Aylar sonra komadan ayılıb gözlərini itirdiyin zamandakı kimi çoxları da içində yaşadığı komadan ayıldı. Qəhrəmanlığını burada da göstərdin.

Və bu gün hamının sevindiyi hadisələr ard-arda gəlməkdədir. İdmançılarımız daha da böyük uğurlar əldə etməkdədir. Və bunların fonunda ermənilərin baxıb da xislət suyunda necə boğulduqlarını görmək mümkündür. Xaricdən Azərbaycana olan təzyiqlər, Avropa Oyunlarına olan qarayaxma işləri və bu işləri görən insanlara sən vacib bir dərs verə bildin. Görməyən gözlərinin qaranlığında boğdun onları.

***

Həmin gün o məşəlin istisinə ruhu bizimlə olan şəhidlərimiz də toplaşdı. Həmin gün Mübarizin, Fəridin əlində də bir məşəl var idi. Və o gün onlar Azərbaycanın inkişafını, Azərbaycanın gələcəyini və Azərbaycanın böyüklüyünü görməmək üçün özünü korluğa qoyanların yumulu gözlərinə o məşəllə işıq verdilər.

OXŞAR XƏBƏRLƏR