"Koronavirus 81 faiz halda simptomsuz və ya az simptomlu olur, seroloji testlər buna görə önəmlidir"

ÖZƏL
14:48 21.08.2020
2210
AZXEBER.COM-un müsahibi TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, infeksionist və həkim-mütəxəssis Nəzrin Mustafayevadır.

O ölkəmizdə tətbiq edilən seroloji testlər haqda suallara cavab verib.
    
- Nəzrin xanım, seroloji testlərin önəmi nədən ibarətdir?

- Artıq bir neçə gündür ki, ölkə ərazisində təsadüf nəticəsində seçilmiş şəxslər üçün könüllülük prinsipinə əsasən sereloji testlərin həyata keçirilməsinə başlanılıb. Sereloji testlərin mahiyyəti ondan ibarətdir ki, biz bu testləri başqa infeksiyalar üçün dəfələrlə yoxlamışıq. Mən əminəm ki, hər kəs həyatında bir dəfə olsa belə hər hansı başqa infeksiyaları təyin etmək üçün bu testlərdən keçib. Eyni testlər yeni növ koronavirus infeksiyası üçün də mövcuddur. Bu testlə biz insanlar 3 ay ərzində bu virusu keçirib, yoxsa yox, bunu müəyyən edəcəyik. Çünki əhalinin böyük əksəriyyəti bu xəstəliyi tamamilə simptomsuz, ya da çox yüngül simptomlarla keçirmiş olur. Onlar özləri də bundan xəbərsiz olur, xəstəliyi keçirib, sağalmış olur.
 
Biz bunu yalnız seroloji testlər vasitəsilə təyin edə bilirik. Buna görə də seroloji testlər çox önəmlidir. Bu layihənin əsas məqsədi əhali arasında immun cavabını yoxlamaqdır. Onda deyim ki, virus orqanizmdə immun cisimciklərin formalaşmasına səbəb olur ki, bu da həmin seroloji testlər vasitəsilə aşkarlana bilir. Bu çox önəmli bir məqamdır və həmin şəxslərin özü üçün də maraqlı bir məlumatdır.
 
Çünki, indiyə qədər şəxsən mənə həkim olaraq, dəfələrlə bu haqda müraciət olunub, insanlar bilmək istəyirlər ki, xəstəliyi gizlicə keçiriblərmi. Çünki, xəstəlik 81 faiz halda ya yüngül simptomlarla keçir, ya da ümumiyyətlə simptomsuz olur".

- Vətəndaşlar bu testlərə necə yanaşır?

- Hazırda bu analizlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılmağa başlanıb.İlkin günlərin nəticəsinə əsaslanıb deyə bilərəm ki, əhali buna çox müsbət yanaşıb, testlərdə iştiraka razılıq veriblər. Əhalinin bir qismində isə bu testlərə müəyyən inamsızlıq var və onlar üçün maraqlı deyil. Onlar müraciətə mənfi cavab veriblər. Mən düşünürəm ki, hər kəs bu testin mahiyyətini anlasa, inanmıram ki, kimsə bu testlərə razılıq verməsin. Hazırda könüllü müraciət yoxdur. Bizim tərəfimizdən proqram vasitəsilə təsadüfi seçilən şəxslərə müraciət olunur. Yaş aralığını nəzərə alsaq, 18-65 yaş arasında olan şəxslər seçilir".

- Başqa ölkələrin praktikası hansı nəticələri verib?

- Dünya təcrübəsindən isə onu deyə bilərəm ki, bir sıra böyük ölkələrdə, qardaş Türkiyədə, Çində, Almaniyada bu testlər böyük əhali qrupları arasında keçirilib. Onların artıq nəticələri də açıqlanıb. Misal üçün deyə bilərəm ki, Türkiyədə əhalinin immun səviyyəsi 1 fazidən aşağıdır. Bizim nəticələr isə layihə bitdikdən sonra ictimaiyyətə açıqlanacaq.
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR

X Mostbet