Elşən MusayevDeyirəm bizim bəxtimizdəndir. Görən məsləhət verir, tanıyan tövsiyə.
Ya da belə deyək: Azərbaycana ağsaqqallıq eləmək istəyənlərin ürəyi geniş olmasa da, maşallah sıraları həmişə geniş olub.O sırada bütün növlərə, çeşidlərə rast gəlmək mümkündür: Rus meyilləri, Avropa meyilləri, dini meyillər və nəhayət qərbin diktə etdiyi, fəqət özünün belə baş açmadığı qarışıq meyillər. Və nə qəribədir ki, onların təbirincə biz bu istiqamətlərdən mütləq birini seçməliyik. Nə səbəbə seçməliyik, niyə özümüzü kiməsə oxşatmalıyıq? - bu sualın cavabı isə kimsəyə bəlli deyil. Çox böyük ehtimalla heç bir zaman da bəlli olmayacaq...***Amma haqqında danışdığım qüvvələr həmin təsir mexanizmi ilə əslində çox şey eləyə bilərdilər. Təbii, imkanları olsaydı. Elə götürək Prezident seçkilərini. Nə oyunlar çıxardılar, özlərini nə hallara saldılar. Ad da, məram da guya demokratik tövsiyələr idi. Amma bu gün elə bir məqama gəlmişik ki, demokratiyanın insanlar üzərinə deyil, maraqlar üzərinə biçilmiş və qurulmuş qəlib olduğu artıq hər kəsə məlumdur. Sadəcə dövlətləri həmin qəlibə pərçimləmək üçün ölçülər və imkanlar uyğun olmalıdır.Belə olmadığında isə azərbaycansayağı bir durum yaranır. Arzu və reallığın taraz tərəfini əmələ gətirə bilmirlər. Həm istəyirlər diktə eləsinlər, həm də baxırlar ki, ortada xalqın iradəsi var. Sipər kimi dayanıb. Əzib-keçmək mümkün deyil. Həm istəyirlər demokratiya adı altında öz maraqlarını təmin eləsinlər, həm də fərqindədirlər ki, bunu edə bilməsələr biabır, rüsvay olub qalacaqlar. Belə olduğu halda isə mızıldanmaqdan, deyinməkdən və bir az da kobud desək donquldanmaqdan başqa çarə qalmır. Ayrıca, deyim ki bunlar heç bənzər məqamlarda da öz ağızları ilə deyil, onun-bunun ağzı ilə danışırlar. Məsələn hazırda Amerika Riçard Kozlariçin ağzı ilə danışdığı kimi...***ABŞ-ın ölkəmizdəki eks-səfiri Kozlariç “Azaqlıq” radiosuna müsahibə verib. (Elə bu yerdə bir haşiyə çıxım - haqqında danışdığım həmin o “Azadlıq” radiosu sanki məskunlaşdığı binanın damına peyk əvəzinə antihakimiyyət radarı qoyub. İqtidar əleyhinə bir balaca qımını qımıldada bilənlər anındaca gəlib düşür həmin radara. Nə kəramətdirsə bilmirəm) Əlqərəz, Kozlariç müsahibə verib. Məzmun etibarilə təxminən Rəsul Quliyevin müsahibələri-fason bir şeydir. Yəni məsləhət və tövsiyə xarakterli. Öz də adam hər şeydən danışıb. Quş qripindən tutmuş Avroatlantik məkana inteqrasiyaya qədər. Və deyim ki, adam səfir olduğunda heç bu qədər aktiv və canfəşan deyildi. Yəqin sonradan ona siyasət “viaqra”sı vurublar. Ona görə anidən pərvazlanmağa başlayıb...Keçmiş səfir deyir ki, Azərbaycan özünü ABŞ-ın ona - onun ABŞ-a olduğundan daha çox ehtiyacı olmasına inandıra bilib. Bu yanlış tərzin qayəsində isə enerji maraqları dayanır. Hərçənd bugünkü qlobal enerji situasiyası 90-cı illərdən son dərəcə fərqlidir.Eks-cənab səfirin diqqətinə onun elə səfir olduğu vaxtlara təsadüf edən bir açıqlamasını çatdırmaq istəyirəm. 1997-ci il aprel ayının 17-si. Olduğu kimi: “Amerikanı Azərbaycana bağlayan stabil müttəfiqlik münasibətləridir. Burada söhbət hər hansı bir dolayı məqsədlərdən və ya ehtiyacdan deyil, yalnız və yalnız qarşılıqlı maraqlardan gedə bilər. Eyni zamanda demokratiyanı enerji maraqlarına qurban verdiyimizi düşünənlər bilməlidir ki, qətiyyən belə bir şey yoxdur. Azərbaycan müstəqil dövlətdir. Və onun daxili işləri də yalnız özünə aid olan məsələlərdir. Demokratiyanın isə bu ölkədə var olduğuna qətiyyən şübhə etmirəm”Alın, bu da sizə Kozlariç məntiqi! Və ya 15 ildə 15 min dərəcəlik bucaq altında dəyişə bilmə məharəti!***Keçmiş səfir həmin müsahibədə bir də Azərbaycanı İranla hədələməyə qalxıb. Diqqət edin, görün nə deyir: “Hər hansı bir siyasi və ya hərbi münaqişədə Amerika Azərbaycanı əlverişli məkan olaraq görür. Amma Qərbin sanksiyalarını aradan qaldırmaq üçün İran söz verdiyi vədlərə əməl etsə o zaman Xəzər regionunda Azərbaycanın işi çox dramatik olacaq”Nə deməkdir bu? Guya Azərbaycan Amerikaya iki əli ilə qucaq açıb, hava limanlarını, sahillərini, nə bilim torpaqlarını-filan peşkəş eləmişdi ki, gəl biz tərəfdən İranı vur? Yoxsa onlarla eyni adlı mövzuda müqavilə-filan bağlamışdı? Və ya, hamı bilir ki, Azərbaycan postsovet məkanında bəlkə yeganə dövlətdir ki, öz qonşularının münaqişəsinə heç bir zaman girməyib. Girsə də onlar tərəfdən girib. Çünki fərqindədir ki, qonşular əbədidir, həmişəlikdir. Hər hansı bir dövlətlə əməkdaşlığı, münasibətləri dəyişmək olar, amma qonşuları dəyişmək olmaz. Bu eyni zamanda reallıqdır...Amma madam ki, məqam düşüb bunu da söyləmək lazımdır: Amerika İrana görə Azərbaycanı zaman-zaman yetərincə sıxma-boğmaya saldı, ondan öz məqsədləri üçün istifadə etmə cəhdində bulundu. Həm də bütün təsir resurslarını işə salaraq! Fəqət biz stabil və dayanıqlı mövqeyimizdə sona qədər qaldıq. Getdiyimiz yoldan yarım santimetr də olsa sapmadıq. Kiminsə xoşuna gəlmək üçün kimdənsə imtina etmədik...İndi Kozlariç bizə nə nağıl oxuyur? Guya bütün bu söylədiklərimdən onun xəbəri yoxmu?***Avropaya inteqrasiya dilindən düşmür adamın. Rus meyillərini isə əlində ittiham bayrağı edib durub. Halbuki, Amerikanın dərdi nə Rusiya dərdidir, nə də demokratiya. Bu da hər kəsə gün kimi aydın məsələdir. Və ya tək məqsəd açıq bir jestlə qarşısındakına diktə etməkdir, özünün mədəni-diplomatik müstəmləkə siyasətini yürütməkdir, strateji əhəmiyyət daşıyan bölgənin ideoloji işğalını həyata keçirməkdir...Fəqət çox önəmli bir həqiqəti unudaraq: Biz nə Ukraynayıq, nə Gürcüstan, nə də qeyri bir dövlət. Azərbaycanıq biz! Xarici və daxili siyasətini kimsənin ovcuna peşkəş etməyən, etməyəcək Azərbaycan! Gərəksiz məsləhətə, növbənöv, sortbasort xarici ağsaqqallara, qəyyumlara ehtiyac duymayan Azərbaycan!Yox əgər bütün bu sadaladıqlarım - yəni yersiz atmacalar, ismarışlar artıq kimlər üçünsə ənənə, estafet, xobbi xarakterini alıbsa, o zaman paralel olaraq bizim də bu cür mövzularla bağlı bir qulaqdan o biri qulağa sürətli keçid məntəqəmizin olduğunu unutmasınlar...Həm də heç unutmasınlar!