Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA

Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
SOSİAL
23:12 29.10.2026
341
Azərbaycan Mərkəzi Bankı ölkədə bankların birləşməsini dəstəkləyir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib. 
Onun sözlərinə görə, çünki bu proses maliyyə institutlarının səmərəliliyini və dayanıqlılığını artıra bilər:

"Amma burada konsolidasiyanın formasını da nəzərə almaq lazımdır. İki problemli bankın birləşdirilməsi daha böyük problemlərə yol aça bilər. Buna görə də biz belə konsolidasiyanın tərəfdarı deyilik. Əksinə, iki və ya daha çox bankın birləşərək daha güclü maliyyə strukturu yaratmasını dəstəkləyirik. Bu proses birləşmə və ya satınalma yolu ilə həyata keçirilə bilər". 

"Ümumilikdə, biz maliyyə sektorunda konsolidasiyanı dəstəkləyirik və bu istiqamətdə proseslərin davam edəcəyini düşünürük. Çünki ölkəmiz və iqtisadiyyatımız nisbətən kiçikdir və bazarda çoxsaylı kiçik oyunçuların fəaliyyət göstərməsi zəruri deyil".

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında iqtisadi ekspert Eyyub Kərimli bildirib ki, bankların birləşdirilməsi, təbii bir prosesdir:

"Çünki son zamanlar bəzi banklar müflis olmuş, bəzi banklar bağlanıb. Bu, sözsüz ki, ölkənin maliyyə-bank sistemində ciddi böhrana və çətinliklərə səbəb ola bilər.
Daha zəif bankların daha güclü banklarla ya satınalma, ya da birləşmə yolu ilə konsolidasiya edilməsi bank sektorunun sağlamlaşmasına və daha ciddi rəqabətin formalaşmasına təsir edəcək. Bu halda qazanan tərəf yalnız müştərilər ola bilər, bir şərtlə ki, burada inhisarçılıq meyilləri olmasın”.

Ekspertin sözlərinə görə, bəzi hallarda bankların sayının azalması və daha iri bankların önə çıxması rəqabətin zəifləməsinə və ya kartel razılaşmalarına səbəb ola bilər:

"Bu baxımdan, belə hallar da nəzarətdə saxlanılmalıdır. Lakin hesab edirəm ki, ümumilikdə bank sektorunun sağlamlaşması, daha iri və böyük kapitala malik bankların fəaliyyət göstərməsi ölkənin bank sektorunda kreditlərin ucuzlaşmasına, bank-maliyyə sisteminin sağlamlaşmasına, eləcə də rəqabət mühitində bankların daha rəqabətqabiliyyətli və investisiya yönümlü siyasət aparmasına kömək edə bilər. Bu, həmçinin yeni investisiya alətlərinin formalaşmasına şərait yarada bilər”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR