Küçələrdə yaşayan ədəbiyyat: Adı əbədiləşdirilən yazıçı və şairlər

Küçələrdə yaşayan ədəbiyyat: Adı əbədiləşdirilən yazıçı və şairlər
SOSİAL
13:25 03.08.2026
243
Xəbər verdiyimiz kimi, Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib.

Bu barədə yazıçının qızı, Milli Məclisin deputatı Günay Əfəndiyeva Elçinin qəbirüstü abidəsinin açılış mərasimində məlumat verib. Beləliklə, Elçinin adı da Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin adlarını daşıyan küçələr siyahısına əlavə olunub.

Bəs bu gün Azərbaycanda daha hansı yazıçı və şairlərin adını küçələr daşıyır?

AZXEBER.COM mövzu ilə bağlı araşdırma aparıb.

Paytaxt Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin adını daşıyan onlarla küçə mövcuddur.

Onlardan biri görkəmli dramaturq və şair Hüseyn Cavidin adını daşıyan küçədir.

Əbdürrəhim bəy Haqverdiyev və Əhməd Cəmilin adlarına verilən küçələr də paytaxtın ədəbi xəritəsini formalaşdıran ünvanlar sırasındadır.
Yasamal rayonunda yerləşən küçələrdən biri Xalq şairi Bəxtiyar Vahabzadənin adını daşıyır.

Bu siyahıya əlavə olunan adlardan biri də Xalq şairi Məmməd Arazdır. Prezident İlham Əliyevin sərəncamına əsasən, "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən Teymur Əliyev küçəsinə Məmməd Arazın adı verilib.

Küçələrə adı verilən ədəbiyyat xadimlərindən biri də Xalq şairi Zəlimxan Yaqubdur. Onun adını daşıyan küçələr Bakı ilə yanaşı, ölkənin müxtəlif bölgələrində, o cümlədən Abşeron rayonunun Digah qəsəbəsində və Kürdəmir rayonunda yerləşir.

Hazırda ölkənin müxtəlif şəhər və rayonlarında Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Nizami Gəncəvi, Nəsimi, Seyid Əzim Şirvani, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Mirzə Şəfi Vazeh, Məhsəti Gəncəvi, Məhəmmədhüseyn Şəhriyar, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Abdulla Şaiq, Abbas Səhhət, Məmməd Rahim, Almas İldırım, Hüseyn Arif, Əliağa Vahid, Əhməd Cavad, Mirəli Seyidov, Mirəli Qaşqay, Süleyman Rüstəm, Süleyman Sani Axundov, Sabit Rəhman, Şıxəli Qurbanov, İslam Səfərli, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı və Aşıq Ələsgərin adlarını daşıyan küçələr mövcuddur.

Ədəbiyyat xadimlərinin adları yalnız küçələrdə deyil, paytaxtın nəqliyyat infrastrukturunda da əksini tapıb. Belə ki, Bakı Metropoliteninin "Nizami" və "Nəsimi" stansiyaları klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin adını daşıyır.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR