Küçənin ortasında anasını döyənlər!

Küçənin ortasında anasını döyənlər!
Bütün Xəbərlər
02:00 03.09.2016
6084

Əfsələddin Ağalarov

Özümüzü biləndən yalanlar danışmışıq. Yox bir, cənnət anaların ayaqları altındaymış. Hansı cənnətdir o? Küçənin ortasında döyülüb-söyüldüyü zaman yanından səssizcə keçdiyimiz qadınlardırmı o analar? İnanmayın, cənnət ayaqlar altında deyil. İnanmayın bu yalanlara...

Cənnət övladı dünyadan köçən anaların baş daşını öpərək axıtdığı göz yaşlarındadır. Cənnət bir ananın ailəsi dağılmasın deyə göyərən qolunu, dizini hamının içində “qapıya dəyib” deyə gizlətdiyi həqiqətdir. Cənnət bir ananın saçındakı saçqıranların çoxalmasına, üz-gözünün baxımsız vəziyyətdə olmasına baxmayaraq gözəllik salonlarına getməyib sinəsində gizlətdiyi son pulunu övladına uzatdığı əllərindədir. Cənnət ölən oğlunun sevdiyi qızın başqası ilə evlənərkən çəkilən şəklini o qızı oğlu sevib deyə gəlinlikdəki paltarı ilə birlikdə öpüb əli ilə basdırdığı sol tərəfidir. Cənnət şəhid anasının dünyaya gəlməyəcək nəvələrinə verəcəyi adları başqasının uşağında eşidib həmin uşağı bərk-bərk qucaqlayıb yanağından öpdüyü hər öpücükdədir. Cənnət övladın anasını son mənzilə yola salarkən gözünə atdığı torpağın hər dənəsi qədərdir. Cənnət anaların ayaqları altında deyil. Cənnəti anaların ayaqlarının altında axtarmayın.

Onlar cənnəti ayaqlarının altına almazlar. Bizlərə görə, sevdiklərinə görə onu belə saxlayarlar. Necə ki çörəyin qırağını sevdiyimiz üçün biz gələnə qədər heç kim yeməsin deyə saxlayırlar. Necə ki sevdiyimiz qızı biz sevirik deyə sevməyə çalışırlar. Necə ki ilk siqaret çəkdiyimiz günlərdə üstümüzdən gələn tütün qoxusunu gizlətmək, atamız hiss etməsin deyə onu üzümüzə vurmamaq üçün tez həmin köynəyi yuyub qurudurlar. Necə ki hər gün üstümüz açıq qalar deyə yuxunun ən şirin anında barmaqlarının ucuyla otağa girib üstümüzü örtürlərsə, bax eləcə. Onlar heç bir zaman cənnəti bizdən əsirgəməzlər. Əgər o varsa, rəfin bir gözündə saxlayarlar o cənnəti. Birdən bizim ürəyimiz istəyər deyə, birdən bizim könlümüz gecəykən cənnəti çəkər deyə.

Bizsə söyərik hər hirslənəndə onları. Üzlərinə qapını çırpıb gedərik. Bəzən qocalar evinin qapısına yaxınlaşdıqca maşında “burada rahat olacaqsan” deyib qapının ağzında tərk edərik. Gözlərindən axan heç bir damlaya məhəl qoymadan içki məclisində yanımızdakılara yaxşı görünmək üçün “bunu da içək bizi dünyaya gətirən insanın sağlığına” deyib toqquşdurarıq əlimizdəki şüşəni digər şüşələrlə. “Danq” deyə səs verən o araq stəkanı. Yudumlayarıq onlar haqqında az öncə dediyimiz hər sözü və özümüzü təsdiqləyərik dostların içində. Biz sevdiyimizi zənn edərik, amma onların sevgisi qarşısında boynu bükük durarıq.

Və bir gün ölüm gələr. Qapını döyüb anaları bizdən alıb lap uzaqlara aparar. “Ana, son istəyin nədir?” deyə soruşarıq o gün. “Sən xoşbəxt ol!” deyər və gözünü əbədiyyətə qədər yumar. Oysa bir içim suya həsrət qalar o an, bir dəqiqə belə artıq yaşamaq üçün səndən xahiş etmək istəyər. O anı belə bizim üçün xərcləyər, heçə sayar o anı.

Bax ona görə analar Allah kimidir. Biz onu unutduğumuz hər an o bizi unutmayaraq nə qədər böyük olduğunu sübut edər. Analar cənnəti ayaqları altına almazlar. Analar cənnəti bizim lap başımızın üstünə tac kimi taxarlar. Axı onlar göyərən qollarında, təhqir olunan hər cümlələrdə, gizlincə ağladıqları hər gecələrdə bizi, yalnız bizi sevərlər. Çünki onlar ANALARDIR.

OXŞAR XƏBƏRLƏR