Lütfi Zadə: “90 yaşımı Bakıda qeyd etmək istəyirdim”

GƏNCLİK
10:45 04.02.2011
2284

Alim doğum günü münasibətilə ANS telekanalına açıqlamasında bildirib ki, 90 yaşını Bakıda qeyd etməyi arzulayırmış: “Çox təəssüf ki, Bakıya gələ bilmədim. Azərbaycan xalqına öz isti salamlarımı göndərirəm. Təşəkkürümü bildirirəm ki, məni həmişə diqqətdə saxlayırlar. Məni həmişə Azərbaycana dəvət edirlər, Bakıda mənim üçün nə isə edirlər. Mən bunları həmişə qiymətləndirirəm”.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda dünyaya gəlib. Onun atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Rəhim Ələsgərzadə I Dünya Müharibəsi illərində Ərdəbil şəhərindən neft və milyonlar şəhəri Bakıya üz tutub və işgüzar fəaliyyətlə yanaşı, Azərbaycan Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olan həftəlik qəzetlərin Bakıda nümayəndəsi kimi də çalışıb. Həyat yoldaşı Fania il də Bakıda tanış olub.

1932-ci ildə Sovetlər İran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni fərman imzalayır. Bu fərmana görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığın qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi sovetlərin hakimiyyətə gəlməsindən sonra ətrafda baş verən hadisələrdən narazı olduqlarından İrana geri qayıtmaq qərarına gəliblər.

Lütfinin 9 yaşı olanda Bakını tərk edib Tehrana köçürlər. Burada o, təhsilini amerikalıların məktəbində davam etdirib. Lütfi Zadə orta təhsilini bitirdikdən sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 23 yaşından başlayır. Tehran Universitetini bitirdikdən sonra Amerikaya gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 3 il sonra valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Alimə dünya şöhrəti qazandıran, elmdə inqilab sayılan onun qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu gün dünyanın nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

 

OXŞAR XƏBƏRLƏR