Lənkəranda narkobaron həbs edildi

Bütün Xəbərlər
11:59 11.03.2011
1873

Lənkəran şəhərində şəxsi evlərin birində tiryəkxana aşkarlanıb. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tiryəkxananın təşkil olunduğu mənzildə külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Tiryəkxanaya rəhbərlik edən 27 yaşlı narkobaron və 10 nəfər rayon sakini şübhəli şəxs qismində istintaqa cəlb olunaraq saxlanılıb.

Lənkəran şəhər Polis Şöbəsi və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı martın 10-u saat 21:00 radələrindən 11-nə keçən gecə saat 4:00 radələrinə kimi birgə əməliyyat tədbirləri həyata keçiriblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı M.Vəssab küçəsi 21 saylı mənzildə yaşayan 27 yaşlı Lənkəran şəhər sakiniZamin Rəhimovun evində tiryəkxana təşkil etdiyi aşkarlanıb. O, yaşadıgı mənzildə narkotik vasitələrin qəbulu üçün tiryəkxana təşkil edərək gəncləri, o cümlədən narkotik vasitələrə meyilli olan müxtəlif yaşlı şəxsləri həmin yerə yığırmış. 

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tiryəkxanada Zamin Rəhimovla yanaşı, narkotik vasitələrin istifadəsində şübhəli bilinən daha 10 nəfər saxlanılıb. Saxlanılan şəxslər Digah kənd sakini 40 yaşlı Qorxmaz Rufullayev, Velədi kənd sakinləri 24 yaşlı Cavid Maliyev, 31 yaşlı Ceyhun Mehrəliyev, həmçinin Lənkəran şəhər sakinləri 24 yaşlı Ramil Məmmədov, 33 yaşlı Emin Şixəliyev, 37 yaşlı Mehdi Ağayev, 41 yaşlı Urfan İsmayılov, 27 yaşlı Hikmət Mirzəxanov, 45 yaşlı Xəlil Quliyevdir.  

Ən maraqlı məqam isə budur ki, Zamin Rəhimov tiryəkxanada narkotik aludəçilərinə rahat şərait yaratmaqla yanaşı, onlara müxtəlif növ narkotik vasitələri də özü satırmış. Tiryəkxanaya baxış keçirilən zaman oradan 25 qram narkotik vasitə olan heroin, müxtəlif nominallı pul əskinazları, narkotik vasitələrin qəbulu üçün müxtəlif alətlər aşkar edilib. Bununla yanaşı, Z.Rəhimovun yaşadığı mənzilə də baxış keçirilib. Bu zaman evin müxtəlif yerlərindən ümumi çəkisi 2 kq 300 qram olan həşiş qətranı aşkar edilərək götürülüb. 

Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb. Hazırda Lənkəran polisi aşkarlanan tiryəkxanadan daha kimlərin istifadə etdiyini araşdırır.

 

OXŞAR XƏBƏRLƏR