Lənkəranda ahıl şəxslər üçün bayram tədbiri təşkil edildi

Lənkəranda ahıl şəxslər üçün bayram tədbiri təşkil edildi
SOSİAL
17:17 01.10.2026
159
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Lənkəran şəhərində fəaliyyət göstərən ahıllar üçün günərzi qayğı mərkəzinin benefisiarları üçün bayram tədbiri keçirilib.

1 oktyabr - Beynəlxalq Ahıllar Günü çərçivəsində təşkil edilən tədbirdə ümumilikdə 45 ahıl şəxs iştirak edib. 

Tədbir Agentliyin Lənkəran-Astara regional filialı və "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə qeyd olunub ki, bu cür sosial layihələrin və tədbirlərin həyata keçirilməsi dövlətin ahıl şəxslərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Mərkəzin xidmətlərindən yararlanan ahıllar onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. 

Bayram tədbiri Lənkəran Mədəniyyət Mərkəzinin mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında bədii-musiqili proqramla davam edib. 

Qeyd edək ki, respublikanın 6 şəhər və rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzlərində tənha ahıllara sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. Onların sosial fəallığının artırılması, ünsiyyət imkanlarının genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində də davamlı iş aparılır.
OXŞAR XƏBƏRLƏR