Sentyabrın 25-də Lənkəran rayonunun Kənarmeşə, Seydəkəran və Şilim kəndlərinə təbii qaz verilib.
Bu münasibətlə keçirilən təntənəli açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Kənarmeşə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sahil Quliyev, kənd sakinlərindən Rəfail İbrahimov və Məmmədəli Əliyev çıxış edərək 20 illik fasilədən sonra əraziyə təbii qazın yenidən verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə, Lənkəran ŞİH-nin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov əlamətdar hadisə münasibətilə sakinləri təbrik edərək, onlara xoş və səmimi arzularını çatdırıb, “mavi alov”un evlərə istilik, hərarət, xeyir-bərəkət gətirməsini arzulayıb. Daha sonra qazın açılışını bildirən rəmzi məşəl alovlandırılıb.
Qeyd edək ki, Kənarmeşə və Şilim kəndlərində 374 ədəd sayğac və fərdi tənzimləyici, 12 168 metr dəmir boru, Seydəkəran kəndində isə 250 sayğac və fərdi tənzimləyici, 17 074 metr dəmir boru quraşdırılıb.