Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılan pavilyonda olublar.
AZXEBER.COM xəbər verir ki, pavilyonla tanış olan Leyla Əliyevaya və Alyona Əliyevaya burada nümayiş etdirilən stendlər və təqdim olunan layihələr barədə məlumat verilib.
Sonra ərazidə açılan digər pavilyonlara baxış keçirilib.
Xatırladaq ki, birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı yaranıb. Həmin konfrans çərçivəsində təşkil edilən pavilyon ən çox ziyarət edilən pavilyonlardan biri olub.
Pavilyonda Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil, səhiyyə, yenidənqurma və bərpa, ətraf mühitin mühafizəsi, multikulturalizm və digər istiqamətlərdə həyata keçirdiyi layihələr foto və videomateriallar vasitəsilə təqdim olunur.
Burada hər iki fondun fəaliyyətinə dair müxtəlif materiallarla yanaşı, interaktiv layihələr də nümayiş etdirilir.
Leyla Əliyeva və Alyona Əliyeva, həmçinin Özbəkistan pavilyonunda olublar. "Üzüm bağı: keçmişin irsi, bu günün həlli və gələcəyin ilhamı" konsepsiyası əsasında qurulan pavilyonla tanış olan Leyla Əliyevaya və Alyona Əliyevaya bərpaolunan enerji, su ehtiyatlarının qorunması, biomüxtəlifliyin mühafizəsi və ekoloji maarifləndirmə sahəsində həyata keçirilən təşəbbüslər və layihələr barədə məlumat verilib.
Sonra Leyla Əliyeva COP31 çərçivəsində bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri və ətraf mühitin mühafizəsi üzrə ekspertlərlə görüşlər keçirib.
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) iqlim və enerji məsələləri üzrə qlobal rəhbəri Manuel Pulqar-Vidal ilə görüşdə IDEA ilə WWF arasında əməkdaşlıq çərçivəsində Qafqaz bəbirinin mühafizəsi, ceyranların və Avropa bizonlarının Azərbaycanda tarixi yaşayış ərazilərinə qaytarılması istiqamətində həyata keçirilən birgə layihələrə toxunulub. Eyni zamanda, biomüxtəlifliyin qorunması, nadir heyvan növlərinin populyasiyalarının və ekosistemlərin bərpası sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Bununla yanaşı, Leyla Əliyeva COP31 çərçivəsində IDEA İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan tədbirlərdə iştirak edən bir sıra digər beynəlxalq ekspertlər, alimlər və təbiəti mühafizə təşkilatlarının nümayəndələri ilə də görüşərək fikir mübadiləsi aparıb.
Görüşlər zamanı Xəzər dənizinin ekoloji problemləri, iqlim dəyişmələrinin biomüxtəlifliyə təsiri, təbii ekosistemlərin qorunması, elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq təcrübənin paylaşılması məsələlərinə toxunulub.





















































