Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzovun AZXEBER.COM-a müsahibəsi:
- Təhmasib müəllim, ilk olaraq istərdim ki, Rəhim Qazıyevlə Səs TV-dəki debatınız haqda danışasız. - İlk olaraq qeyd edim ki, SƏS TV-də mənim Rəhim Qazıyevlə debatın ötən ilin may ayında, Şuşanın işğalının ildönümü ərəfəsində olub. Həmin verilişdə mən Rəhim Qazıyevin qarşısına faktlar qoydum, Şuşanın onun satdığını, Rusiya ilə əlbir olduğunu dedim. O isə həmişəki kimi təhqirə keçdi, məni verilişdə söydü. Mənsə dedim ki, o zaman Müdafiə Naziri sən idin və Şuşanı da satan sən olmusan, sən heç kimi ittiham edə bilməzsən. Yəni, ölkəmizə qarşı ən böyük şərəfsizliyi, alçaqlığı edən adam Rəhim Qazıyevdir. Onun haqqı yoxdur ki, kimisə günahlandırsın. Daha sonra bu veriliş efirə getdi və oradakı təhqirlər yayımlanmadı. Bu yaxınlarda isə eşitdim ki. Rəhimin tərbiyəsizliyi, əxlaqsızlığı bütün ölkəyə göstərilib. - Bəs necə oldu ki, Rəhim Qazıyevi polisə vermək qərarına gəldiz? - Sizə bir şeyi də deyim ki, Rəhim Qazıyevin tərbiyəsizliyi təkcə verilişlə məhdudlaşmadı. O məni təhqir etdi və daha sonra studiyanı tərk edəndə gördüm ki, Rəhim məni gözləyir. Küçədə Rəhim mənə şillə vurdu və qapaz atdı. Hüquqi dövlətdə yaşadığımızdan mən də qərara aldım ki, onun bu “əməlləriylə” bağlı polisə müraciət edim. Dünən isə mən Səbayıl rayon polis idarəsində Rəhimlə üzləşdim, sözlərimi onun üzünə dedim. - Ancaq Rəhim Qazıyev mətbuata açıqlamasında deyib ki, sizinlə üzləşməyib və verilişdən sonra sizə toxunmayıb... - Bu da onun əxlaqsızlığının, ikiüzlüyünün bariz göstəricisidir. Mən onunla Səbayıl rayon polis idarəsində üzləşmişəm və sözümü demişəm. Rəhim tükənmiş insandır. Rəhim mənim şərəf və ləyaqətini təhqir etməyimlə yanaşı, həm də xuliqanlıq edib və buna görə cavab verməlidir. - Təhmasib müəllim, Rəhim Qazıyevin son zamanlar aktivləşməsini, mətbuata açıqlamalarını nə ilə əlaqələndirirsiz? 0 Rəhim Qazıyev Azərbaycanı, Azərbaycan torpaqlarını satmış adamdır. O Müdafiə Naziri olan vaxtlarda Rusiyayla anlaşaraq Şuşanı satdı. Rəhim Qazıyev bu gün də Rusiyanın tapşırıqlarını yerinə yetirir. Hətta Rusiyanın Rəhimlə bağlı planlarını eks prezident Ayaz Mütəllibov da müsahibələrində dilə gətirib. Rusiya Qəbələ RLS-i əldən verdikdən sonra Azərbaycana qarşı təzyiqlərə başlayıb. Rəhim də Rusiyanın qulu olduğuna görə ortaya atılıb. Onu deyə bilərəm ki, Rusiyanın Azərbaycanla bağlı heç bir istəyi baş tutmayacaq. Nə onlar milyarder namizəd ortaya çıxara biləcəklər, nə də Rəhim kimi satqınları ortaya ata biləcəklər. Çünki Azərbaycan xalqı Rəhim kimi torpağını satanları, Rusiyanın əmrlərini yerinə yetirən insanları çox gözəl tanıyır. Rəhim Qazıyev vətən xainidir.. Azərbaycanı Rusiyaya satmaq və öz şəxsi maraqlarına xidmət etmək üçün bütün alçaqlığa əl atıb. Hacıbəy Heydərli