Fəxrəddin Həsənzadə
Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə dünyanın üz-üzə qaldığı bir məqamda ölkəmizdə qabaqlayıcı tədbirlərin alınması, dövlətin ailə modeli konsepsiyasında fəaliyyəti hər bir vətəndaşı qoruyur. Bu qayğılı müdafiə tədbirlərinin təkcə ölkə daxilində kifayətlənməməsi, xaricdə təhsil alan və müvəqqəti olaraq orada qalan vətəndaşlara şamil edilməsi, onların xüsusi avia reyslər vasitəsilə Vətənə qaytarılmasını təmin etmək cəmiyyət olaraq bir-birimizə sahiblənmək hissimizi artırdı.
Hər zaman bir idealogiyamız var "Özümüzünküdür, Bizdəndir, Bizimdir!” – Bu şüarın əyani olaraq sosial şəbəkələrdə "Gəzəyənlər” qrupunda xaricdə yaşayan şəxslərin öz evlərini, bəlkə də son bir parça ruzisini orada qalan vətəndaşları ilə bölməyə hazır olmalarını görmək ən böyük həmrəyliyin nişanəsi idi.
Bu dəfə də əslində heç birimizin məşhur qəzəlxanın dediyi kimi "Əvvəlindən salan olsaydı əgər başa bizi " misrasını deməyə mənəvi haqqı yoxdur. Çünki infeksiyanın ölkə hüdudlarından kənarda başladığı bir zamanda məhz ölkə rəhbərliyinin şəxsi iradəsi ilə verilən göstərişlərini bütün dövlət qurumları ciddi rejimdə layiqincə yerinə yetirdilər. Səhiyyə sistemində əlavə inventarların alınması davam etdirildi. Nümunə olaraq misal göstərə bilərik ki, hazırda dünyada ən gərəkli süni nəfəs avadanlıqları infeksiya ölkəmizə daxil olmamışdan öncə gətirilmişdir. Son günlərdə də mövcud problemlərin aradan qaldırılması üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inventarların gətirilməsi davam edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın son müraciəti özündə bir idarəçilik, qayğı və ən əsası həkim kimi tövsiyələrini daşıdı. Müraciətdə qeyd olunduğu kimi, hazırda bizə qalan ən vacib məqam vətəndaş məsuliyyətini nümayiş etdirməkdir. Ölkə rəhbərliyinin hər kəsin vəzifə öhdəliklərini yerinə yetirdiyi məqamda həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığını bildirməsi, həmçinin əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin, o cümlədən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinin müəyyən edilməsi barədə sərəncamı diqqət və həssaslığın göstəricisidir. Bu zaman bizə qalan vacib məqam dövlətin bu infeksiya ilə bağlı göstərişlərinə əməl etməkdir. 2020-ci il "Könüllülər İli”-nin bir növ ən məsuliyyətli və faydalı könüllüsü kimi maksimum səy göstərməliyik. Hər zaman olduğu kimi "Bizi düşünən biri var” ideyasının ətrafında birləşib, doğmalarımızı, Azərbaycan adlı böyük ailəmizi qorumalıyıq.