Ülviyyə Əliyeva: Röyal Tünzaləni qucağında hamam otağına aparanda, onu qınayanlar harada idi? - VİDEO

MÜSAHİBƏ
16:16 17.02.2025
931
"Azxeber Media”nın "Gəl danış" rubrikasının növbəti qonağı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının sevilən aktrisası Ülviyyə Əliyevadır. 
"Burada aldığım maaşla, Avropada teatr izləyə bilmərəm".
 
- Ülviyyə xanım, tamaşalara xalqımızın, xüsusən də gənclərin marağı necədir?
 
- Hər bir teatrın öz tamaşaçısı var. Həmçinin də bizim. Allaha çox şükür ki, bizim zalımız heç vaxt boş qalmır. Sevindiricidir ki, gənclər arasında da teatra maraq çoxdur. Mən artıq 27 ildir ki, teatrda işləyirəm. Əvvəllər teatra daha çox yaşlı nəsil gəlirdisə, bu gün bu adət dəyişib. Deyə bilərəm ki, bizim çox sayda gənc tamaşaçılarımız var. İndi teatra həddindən artıq maraq var, xüsusilə də bizim teatra. Çünki burada həm komediya janrı var, həm də dramatik əsərlər oynanılır. Bu gün seriallarda, filmlərdə, gördüyünüz aktyorların bir çoxu demək olar ki, bizim teatrdan çıxıblar.

- Gənc aktyorların teatra olan marağı nə dərəcədədir? Teatrlar gənc kadrlara şərait yaradır?
 
- Mən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında və Kukla Teatrında çalışdığım üçün tam əminliklə deyə bilərəm ki, bizim teatrda gənclərə şərait yaradılır. Bizim dövrümüzdə isə belə şeylər yox idi. Gəlirdik tetra, gözləyirdik, əvvəlcə qocamanlar səhnədə olurdu, sonra biz... Amma bu gün elə bir şərait, elə bir abu-hava qurulub ki, o qədər demokratiyadır ki, hər kəs öz işindədir. Yaşlı nəsildən kimin qaldığına baxsaq görərik ki, böyük sənətkarımız, ustadımız Afaq Bəşirqızı və İlham Namiq Kamal kimi aktyorlarımızın adını çəkmək olar. Belə baxanda, gənclərdən bir çoxu bu gün elə İlham Namiq Kamalın, Afaq Bəşirqızının tələbələridir. Yəni, burada kim-kimi gözümçıxdıya salacaq, müəllim tələbəsini? Məni Afaq xanım Hacibaba Bağırovun vaxtında teatra gətirmişdi. Mən bura gələn gündən Xanım Qafarova ilə dublyor oldum. Heç kəs demədi ki, sən cavansan, otur gözlə. Bir dəfə Xanım, bir dəfə mən çıxırdım səhnəyə.

- Dünya təcrübəsinə baxsaq, tamaşa biletləri hər kəsin ala biləcəyi bir məbləğdə olur. Amma bizdə tamaşaçı qiymətlərdən narazıdır. Sizcə, bunun səbəbi nədir?
 
- Dünya təcrübəsinə qalsa, mən Avropaya gedib burdan aldığım maaşla tamaşaya gedib teatr izləyə bilmərəm. Çünki orada istər teatr, istər balet, istərsə də opera biletləri çox bahadır. Bizdə isə bilet qiymətləri o qədər də baha sayılmaz.
 
Məsələn Kukla Teatrında biletlərin qiyməti 5-6 manatdır. Üstəlik, həm Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, həm də digər teatrlarda müxtəlif həssas qrupun nümayəndələrinə, o cümlədən də şəhid və qazi alələrinə biletlər pulsuzdur.

- Son zamanlar xarici görünüşünüz çox dəyişib. Bu səhnə üçün vacib amillərdəndir?

- Yox, bu şablondur əslində. Kök rolları da kimsə oynamalıdır axı...(gülür) Allah rəhmət eləsin, nə Nəsibə Zeynalova, nə də Münəvvər Kərəntəlinin bədən ölçüləri 90-60-90 olub. Mənim də belə bir cəhdim heç vaxt olmayıb. Ona görə ki, subretkayam, xarakterik obraz oynayıram. Yəni iki rəfiqə rolunu oynayırıqsa, arıq, uzun rəfiqənin yanında balaca, kök bir rəfiqə mütləq ki, olur. Amma deyə bilərəm ki, serialı serial edən bir rejissordur, bir də ssenarist, aktrisanın bədən ölçüləri yox. İnanın səmimiyyətimə, bizim aktyorlar Türkiyədə sevərək izlədiyimiz aktyorlardan qat-qat güclüdür. Bizdə bir serial çəkmək üçün yazıq prodüser düşür qapı-qapı gəzir. Ona görə də mən qarşıma məqsəd qoymuşam ki, heç bir yerimdə dəyişiklik etməyi düşünmürəm. 
 
- Aktyor və aktrisalarda plastik əməliyyatlar yaxşı qarşılanmır. Çünki düşünürlər ki, o rolun haqqını verə bilmir, mimikalar dəyişir, hissləri ötürə bilmir tamaşaçıya. Bu həqiqətən belədir?
 
- Bəli! Çünki botoksu edəndə sinirlər o qədər gərilir ki, göz, qaş donur, üz tərpənmir. Aktyor emosiyalarını tamaşaçıya ötürə bilmir. Bəzi prosedurlar var ki, qadın olaraq təbii ki, mən də edirəm. Amma plastik əməliyyatım yoxdur. Üzümdə etdirdiyim kosmetoloji prosedurları da etməsəm üz-gözüm qırışar. Çünki yaşım öz sözünü deyir. Sadəcə, onu edəndə də elə eləmək lazımdır ki, normasında olsun və mimikalar işləsin. Yəni, rol alan aktyor və ya aktrisa güləndə bilinsin ki, gülürsən, ağlayanda bilinsin ki, ağlayırsan. Sözlərim heç kəsin xətirinə dəyməsin. Kim neynəyirsə, əcəb elir. Öz şəxsi işidir. Bu da mənim şəxsi işimdir. Bəzən mənə yazırlar ki, burnunuzu niyə əməliyyat eləmirsiz? Niyə eləməliyəm? Yəni, bunu Allah mənim cizgilərimə uyğun, üzümün simmetriyasına uyğun, belə yaradıb. Ən gözəl rəssam Allahdır! Düzdür, insan var ki, nəfəs ala bilmir, travma alır, bəziləri də var ki, elə belə keyif üçün əməliyyat etdirir, əcəb edir. Yenə də onların işidir, amma mən heç bir əməliyyat etdirmək istəmirəm.
 
 "Azərbaycanda rejissor məcburdur ki, qapı-qapı gəzib 5 min oradan, 3 min burdan pul axtarsın"


- Serial bazarındakı son durumu necə dəyərləndirirsiniz?
 
Azərbaycanda komediya janrında çəkilən ilk film Elməddin Cəfərovun təşəbbüsü ilə "Qonşular" serialı olub. İlklərdə hər zaman mən olmuşam və biz seriala başlayanda, nə olur, necə olur bilmirdik. O serialı ilk dəfə bilməyə-bilməyə, qaranlıqda axtara-axtara özümüz öyrənmişik. Sanki bizi yerə atıblar, deyiblər gəzməyi öyrənin. Elə ən uzunömürlü seriallar deyərdim ki, Elməddin Cəfərovun ərsəyə gətirdiyi seriallar olub. Bu gün həmin seriallarda çox inkişaf var. Nədən şikayət edim? Elməddinin komandası çox qəşəng ssenari yazır. Amma bundan başqa özünü doğrultmayan seriallar da var. Çünki serialı serial edən bir rejissordur, bir də ssenarist. "Üç bacı" serialı nəyə görə sevildi? Çünki yüzlərlə yaxşı aktyor da olsa, serialı rejissor yaşadır. Ondan sonra gələn isə ssenaristdir. Nə qədər pəşəkar aktyor olur-olsun, əgər ssenaridə oynamalı bir şey yoxdursa, yüzlərlə "Oskar" alan aktyor gəlsin onu oynaya bilməyəcək, improvizə edə bilməyəcək.
 
Bu gün bir şeyə təəssüf edirəm. Bizdə yaxşı yazarlar var, yoxdur desəm günaha bataram. Amma onların da sənətinə uyğun, peşəsinə uyğun qiymət verən yoxdur. İnsan özünə, qələminə güvənir və bir qiymət qoyur. Ona da o pulu vermirlər. Sonda hər şey gəlir yenə də maddiyyata dayanır. Və rejissor da təbii ki, istəyir yaxşı ssenaristlə işləsin. Lakin onun dediyi məbləği ödəyə bilmir. Ona görə də məcburdur ki, bir az zəif ssenaritsə müraciət etsin ki, əlində büdcə qalsın.
 
Bir var ki, istehsalçı kanaldır və deyir, gət, çək, gətir, hər şey mənlikdir pulunu da ödəyir. Sən də istədiyin kimi, iş ortaya qoya bilirsən. 
 
Bir də var ki, bütün komanda sponsordan asılı olur. Sponsor da durub bu gün 100 min pul vermir ki, get serialını çək. Rejissor məcbur olur 5 min oradan, 3 min oradan, 2 min oradan qapı-qapı pul axtarır. Sonra da qınayırıq ki, yaxşı serial, yaxşı film yoxdur. O filmi ortaya çıxartmaq üçün biz yaradıcı insanlar imkanlı insanlardan asılı oluruq.
 
Bu gün bir serial çəkmək istəyən yaradıcı insan məcbur olur kiməsə ağız açsın, çünki onun pulu yoxdur. O, yaradıcı insandır, biznesmen deyil. Məcbur olur qapılar döyür. Bununla nə düzəldi? Türkiyədə baxın necə seriallar çəkilir? İnanın Türkiyədə seriala çəkilən aktyorların qonararını bizə versinlər, görün biz nələr yaradarıq. Bizim aktyorlat türk aktyorlardan qat-qat güclüdür. Çünki bizim aktyor məktəbimiz daha güclüdür, köklüdür. Yəni, sovet vaxtından qalan o məktəb var. Bizim tamaşaçıya nəyisə bəyəndirmək çox çətindir. Nəyə görə? Ona görə ki, bizim tamaşaçı hər şeyi o qədər görüb ki, bu gün onları təcrübləndirmək mümkün deyil.

1998-ci ildə mən teatra ilk başlayanda tamaşaçılar zalda soyuqdan paltoda, papaqda otururdu. Külək əsirdi, yağış yağırdı, səhnəni su basırdı. Hüseynağa müəllim balaca otağında "Hamlet"i, "Ölülər"i qururdu. Sonra çıxıb səhnədə şedevr oynayırdıq. Hamletin səhnəsini maşın təkərlərindən qurmuşdular. Oradakı qala isə araq şüşələrinin qapaqlarından idi. Yoxdan nələr yaradırdıq? Geyimlərimiz də həmçinin. Kim, harada nə paltar görsə teatra gətirirdi ki, baza olsun.

- Azər Axşam AZXEBER.COM-a müsahibəsində bildirmişdi ki, "Əgər aktyor tamaşaya, filmə, seriala öz geyimində çəkilirsə, deməli, o sahədə heç bir irəliləyiş yoxdur". Siz necə düşünürsünüz?

- Tamaşada deməzdim, çünki burada geyimlər xüsusilə tikilir. Bu problem daha çox seriallardadır. Mənim 18 il televiziya təcrübəm var. Əvvəllər biz veriliş aparanda, "Instagram", "TikTok" yox idi. Mağaza da özünü tanıtmaq üçün bizə geyimlər verməyə məcbur idi. Hamısı deyirdi ki, mənim dükanımdan geyinin. Sosial şəbəkələr olandan sonra heç kim geyim vermək istəmir, çünki artıq mağazaların efirlərə ehtiyacı qalmayıb. Hər kəs reklamını internetdə edir.

Aktyor və aktrisalar geyim məsələsində çox əziyyət çəkirlər. Yenə də hər şey gəlir dayanır maddiyata. Seriallarda pul olsa, aktyorlar üçün geyimləri pulu ilə alar, hər dəfə birini geyinin deyərlər. Bir serialı çəkmək üçün yazıq prodüser düşür qapı-qapı, "qurban olum", "başıva dönüm". Bir az pul tapır, onu da bölür, bu bunun maaşı, bu onun maaşı, bu operatorların maaşı, qalanını da kanala verir ki, serialı yayımlasın. Bundan başqa rejissorun maaşı, montaj, rənglənmə işlərinə gedir. Bunlar hamısı puldur, heç nə havayı olunmur. Rejissor ən gözəl müəllimdir. Aktyor eyni rejissorla işləməməlidir, o zaman inkişaf olmur. Hər rejissorun öz dəsti-xətti, öz üslubu var. Mən elə buna görə də teatrı televiziyadan çox sevmişəm. 
 
- Gənc xanım aktrisalardan hazırda bəyəndiyiniz, diqqətinizi çəkən var?
 
- Çoxdur. Birinin adını çəkib, birini çəkməsən, yaxşı çıxmaz, inciyərlər məndən. İstedadlı qızlarımız həddindən artıq çoxdur. 
 
- Cavidan Novruz müsahibəsində dedi ki, "Pərvin Abıyeva yaxşı aktrisadır. Onun səhvi odur ki, yanlış rejissorların əlinə düşüb". Bu fikrə münasibətiniz necədir?
 
- Mən belə demərəm. Yenə deyirəm, hər rejissor bir təcrübədir. Bu vaxta qədər mənə nə qədər iş təklifləri gəlibsə, heç birinə yox deməmişəm. Mənimlə bu 27 ildə çalışan insanlar bilir ki, mən heç vaxt heç kimə qiymət deməmişəm. Deməmişəm ki, qonarar nə qədər olacaq? Ya bu qədər olacaqsa, mən gəlim. Gəlmişəm, işləmişəm, sonra qonararımı almışam. Vaxt olub ki, "Şirvan yarım"a AZTV-də qısa-qısa səhnəciklər çəkilirdi. Mən heç vaxt deməmişəm ki, "Şirvan yarım, nə puldur? Mən getmirəm". Gedib, çəkildim və təcrübə topladım.
 
 - Hazırda "Komedixana" və ya bu tipli verilişlər sosial şəbəkələrdən gündəm olan mövzuları götürərək işləyirlər. Sosial şəbəkə səhnəyə, televiziyaya çıxmalıdır?

- "Komedixana" şou xarakterli bir teatrdır. Onun gündəm olan mövzuları işləməsi normaldır. Gündəmi görüb, səhnəyə gətirib və bunun kənardan necə göründüyünü göstərirlər əslində. Demir ki, əladı siz də belə edin. Xeyr! Onlar gündəmi göstərir və bunun kənardan nə qədər pis göründüyünü başa salmağa çalışırlar. Niyə də olmasın? Əsas da oranın qızlarının oynadığı rolları çox bəyənirəm.
 
"Bu gün uşaqlar üçün hər şey var, amma bizim uşaqlarımızın uşaqlıqları yoxdur"
- Artıq izləyicilərinizə bəllidir ki, iki ananız olub, siz çox təbəssümlə bunu deyə bilirsiniz. Uşaqlığımıza dönsək, yaşadıqlarınızın nə kimi travması var sizdə?
 
- İki anamın olmasının heç bir travması yoxdur və mən Allahıma gecə-gündüz şükür edirəm ki, mənə iki ana verərək məni dünyanın ən xoşbəxt insanı edib. Məni anası olmayanlar daha gözəl başa düşər. Bu, Tanrının mənə verdiyi mükafat idi. Analar mələkdir və mənim iki qanadım var. Bunun mükafatı olduğu kimi, cəzası da oldu. İnsanlar bir ana itirəndə, mən çox təəssüf ki, iki itkini yaşayacağam. (ağlayır) Birini artıq yaşamışam. Bu, mənim üçün həyatımın ən ağır travması idi. Həmişə deyirdim ki, mənim iki qanadım var. Birini artıq itirmişəm. Uşaq olanda həmişə soruşardılar ki, "hansı ananı daha çox sevirsən?" İkisini də deyərdim çünki gözümü açıb iki ana, iki ata görmüşəm.
 
Allah, məni dünyaya gətirən anama can sağlığı versin, Zemfira anama da qəni-qəni rəhmət eləsin. Bu gün mənim Ülviyyə Əliyeva olaraq formalaşmağımda Zemfira anamın çox böyük rolu olub. Mən valideynlərimə dünyalar qədər təşəkkür edirəm ki, bizə mükəmməl uşaqlıq yaşadıblar və bu gün mən çalışıram ki, öz uşağıma da o uşaqlığı bir az da olsa yaşada bilim. Çünki bu gün uşaqlar üçün hər şey var, amma bizim uşaqlarımızın uşaqlıqları yoxdur.
 
- Analar qızlarının taxtını qurar, bəxtını yox deyiblər. Ümumiyyətlə, qadın kimi xoşbəxtsizmi bu gün?
 
- Əlhəmdülillah, çox xoşbəxtəm.

- Ülviyyə ailədə sevilən gəlindir?
 
Çox şükür, hə! Mənim ən sevdiyim nədir, deyim? Heç kəs məni ailədə Ülviyyə deyə çağırmır. Qayınlarım "gəlin bacı", uşaqlar "Ülviyə gəlin" deyirlər. Mən bunu çox sevirəm.
 
- Bu hissi gec dadmağınıza baxmayaraq Ülviyyə necə anadır? 

- Nə bilim, onu İnşallah böyüsün, övladım deyər. Ana olmağa hazırlaşanda son günlərə qədər çəkilişlərdə olurdum. Çox sağ olsunlar çəkilişlərdə elə kadrlar var idi ki, məni əvvəldən çəkmişdilər. Mənə həm serial, həm teatr kollektivim çox dəstək olmuşdu.
 
- Övladınızla bağlı arzularınız nələrdir?
 
- Allahdan möhlət istəyirəm ki, cəmiyyətə xeyirli övlad yetişdirməyim üçün mənə zaman versin. Heç vaxt ona görə utanmayım. Ağılı və sağlam böyüsün. Başqa hansı pəşənin sahibi olacaqsa, olsun, təki pəşəkar olsun. Yəni, hətta süpürgəçi olacaqsa belə, pəşəkar olsun. Özü nəyi seçərsə, inşallah, öz seçimdir. Mən heç vaxt seçimlərinə qarışmaram. Ancaq bir ana kimi istəyərəm ki, övladım gəlcəkdə diplomat və ya pilot olsun. Mənim Zemfira anam da Azərbaycanın ilk qadın təyyarə bələdçisi olub. Nəsə, səma məni çox özünə çəkir. 
 
 "Tünzalə yorğan-döşəyə düşəndə, Röyal onu qucağında hamam otağına aparanda, onu qınayanlar harada idi?"

- Həyatda dost itkisi çox çətin olur. Məncə, siz o çətinliyi yaşayan nadir sənətçilərdənsiniz. Çünki sənət aləmində dostluqlar çox olmur. İstəyərdim ki, Tünzalə Əliyevani bir az xatırlayaq.

- Unutmuşuq ki, xatırlayaq? Bu gün məni bilirsiz nə sevindirir? Hər dəfə tamaşaçı məni görəndə deyir ki, "Allah Tünzaləyə rəhmət eləsin". Yəni, əgər bu gün məni görüb onu xatırlayırlarsa, deməli Tünzalə yaşayır. Sənətkar bilirsiz nə vaxt ölür? Unudulanda! Bir çox istedadlı peşəkar teatr, kino aktyorlarımız olub ki, unudulublar. Niyə? Onları da yaşadan gərək övladları olaydı. İstər bəstəkar, istər müğənni, istər böyük sənətkarlar olsun, övladlar soyuq yanaşdıqları üçün unudulublar. İndi Tunzalənin balası balacadır. O böyüyənə qədər, o dərk eləyənə qədər, yəqin ki, o missiya, o böyük yük mənim çiyinlərimdədir. Hər şeyi edəcəyəm ki, o unudulmasın. Gözəl dost, sadiq dost, ən sonda da gözəl həyat yoldaşı idi. 

Tünzalə çox peşəkar aktrisa, mükəmməl tərəf müqabili idi. O, heç vaxt yorğanı öz üzərinə çəkməzdi. Desəm cəhənnəmə gedirik, deyəcəkdi gedək. Çox çətin şərtlərdə çalışmışıq onunla. "Əntiqə rəfiqələr"i çəkəndə 150 manata bir ssenarist tapmışdı. (gülür) 

- Həyat yoldaşı bu gün onun xatirəsini çox gözəl yaşadır. Övladına yaxşı baxır...
 
-  Hər kəs o vaxt bu evliliyi qınadı. Hardasınız indi, ay ağlına gələni danışanlar? Nə yaxşı ki, Tünzalə heç kəsə qulaq asmadı. Amma çox əziyyət çəkdi o. Elə bilirsiz o yazılan şərhləri oxumurdu? Hamısını oxuyurdu, o qədər ağlayırdı ki... Onun qəlbi bilirsiniz nə qədər qırılmışdı? Bilirsiniz, o necə qadın idi? Məsələn, kimyaterapiya alıb xəstəxanadan evə gəlirdi, ona qazın qabağında dayanmaq olmazdı. Amma əziyyət çəkə-çəkə övladına başqa, yoldaşına başqa yemək bişirirdi. Deyirdi qoy dadını çıxarsınlar hər şeyin. Bilirdi ki, zamanı azdır. Bunu axıra qədər edə bilməyəcək. Röyal ona çox yaxşı həyat yoldaşı oldu. Tünzalə yorğan-döşəyə düşəndə, Röyal onu qucağında hamam otağına aparanda, onu qınayanlar harada idi? Kənardan qınamaq asandır. Çoxları dəfndə Röyala irad bildirdilər ki, niyə üzünü bağlayıb, maska taxıb? Axı siz bilmirsiniz, Tünzalənin vəfatından 2 ay qabaq Röyal ürək əməliyyatı keçirtmişdi. Yəni, oturun öz həyatınıza baxın, evinizin içinə baxın. Kənardan döyüş adama o qədər asan görsənir ki. Başqasının həyatını müzakirə etmək o qədər asandır ki...

- Tünzalə xanımı verilişə çıxıb evinin kredit borcunu ödəmək üçün yığılan pullara görə çox qınamışdılar...
 
- Bəli. O verilişə də ("Bizimləsən". red) Tünzalə özü üçün yox, qızı üçün çıxmışdı. Bilirdi ki, zamanı yoxdur. Balaca, iki otaqlı evi var, onun kreditini bağladı ki, övladı sabah kirayələrdə qalmasın. Ona 72 dəfə şüa verilmişdi. Həkimlər deyirdi ki, biz bu günə qədər heç bir xəstəyə bu qədər şüa verməmişik. 

Tünzalənin anası rəhmətə gedib, atası yaşlıdır, bacıları bacardıqları hər bir şeyi etdilər. Lazım olsa yenə də edərlər. Amma Röyal qızına çox yaxşı baxır. Xatirələrlə yaşayırlar bu gün də. Yəni ki, o uşağının gələcəyi üçün verilişə getdi. Onu qınayanların heç birinə qismət olmasın Tünzalənin yerində olmaq. Amma olsaydınız, əmin olun ki, siz də onun etdiyini edərdiniz ki, uşağınızın başında heç olmasa bir damı olsun, sabah heç kəsə möhtac olmasın, çöllərdə qalmasın. Allah dövlətimizdən razı olsun ki, Tünzaləyə 500 min manat pul xərcləndi. Təsəvvür edin ki, axırıncı dəfə onun başındakı şiş tam sağalmışdı, yox olmuşdu. Amma bir həftə sonra yenidən əmələ gəlmişdi və yenə də başında... Ondan sonra artıq Tünzalə bütün ümidlərini itirdi. Onu yaşatmaq üçün son ana qədər mübarizə apardılar. Siz kaş görəydiniz, Tünzalənin həkimi necə ağlayırdı. Çünki Tünzalə hamının qızı idi, bacısı idi. Mən inanmıram ki, onu istəməyən bir insan olsun. Onu tanıyan, necə insan olduğunu bilən biri üçün, onu unutmaq mümkün deyil. Allah onun ruhunu şad, məkanını cənnət eləsin. Dərin təşəkkürümü bildirirəm ki, onu yad elədiniz.
 
 - Ülviyyə xanım bizə vaxt ayırdığınız üçün çox sağ olun. Uzun illər bu səhnədən səsiniz, əməyiniz əksik olmasın. 
 
- Amin! Allah tamaşaçı sevgisini, verdiyi bu istedadı, bu hörməti mənə çox görməsin. Bu sevgini qazanmaq asandır, qoruyub saxlamaq çətindir. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR