Mübariz Qurbanlı: "Türkiyədəki seçkilərin nəticələri gözlənilən idi"

Mübariz Qurbanlı: "Türkiyədəki seçkilərin nəticələri gözlənilən idi"
Bütün Xəbərlər
18:50 13.06.2011
1356

"Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri gözlənilən idi. Bütün proqnozlar Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərdə üstünlük əldə edəcəyini söyləməyə əsas verirdi. Türkiyə cəmiyyətində bu seçim bu ölkənin irəliyə atılan addımlarından biri kimi dəyərləndirilməlidir". Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında haim partiyanın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, AKP siyasi hakimiyyətdə olduğu dövrdə Türkiyə cəmiyyətində çox böyük nüfuz qazanıb. Türkiyə cəmiyyətinin açıq və demokratik cəmiyyət olduğunu deyən M.Qurbanlının sözlərinə görə, bu cəmiyyətdə siyasi plüralizm və demokratik dəyərlər inkişaf edib. Türkiyədə AKP-nin seçkilərdə qazandığı qələbənin kökündə isə bu partiya və onun lideri Rəcəb Tayyib Ərdoğanın Türkiyə cəmiyyətində geniş dəstəyə malik olması dayanır.

"AKP hakimiyyətdə olduğu dövrdə Türkiyə dünya iqtisadiyyatında aparıcı ölkələrin sırasına çıxıb. Bu ölkə hazırda iqtisadi göstəricilərinə görə dünyanın nəhəng 20 dövləti sırasında 16-17-ci yerləri bölüşməkdədir. AKP-nin 2023-cü ilə hədəflənən proqramı var. Həmin proqramda göstərilir ki, 2023-cü ilə qədər Türkiyə iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr içərisində 10-cu yerə çıxmalıdır. Eyni zamanda, adambaşına ümumi daxili məhsulun payı 25 min dollar müəyyən edilib. Hazırda bu göstərici 10 min dollar civarındadır. Bu göstərici də kifayət qədər normaldır. Çünki 10 il əvvəl bu rəqəm xeyli aşağı səviyyədə idi. AKP-nin hakimiyyəti dövründə ciddi infrastruktur layihələri həyata keçirilib. Bu illərdə Türkiyənin xarici siyasəti əhəmiyyətli dərəcədə uğurlar qazanıb. Bütün bunlarda iqtisadi güc amili vacib rol oynayır. Hazırda ÜDM-nin artım sürətinə görə Türkiyə Rusiyadan öndə getməkdədir. Yəni qardaş dövlətimiz sürətli inkişaf dövrünə qədəm qoyub. Bütün bunlar da Türkiyənin beynəlxalq aləmdə rolunu və gücünü artırıb. Seçkilərdə 2 seçicidən birinin AKP-yə səs verməsi təsadüfi deyil. Bütün bunlar qeyd etdiyim ümumi siyasətin tərkib hissəsidir. Türkiyənin müxalifət partiyaları da kifayət qədər güclüdür və parlamentdə xeyli sayda təmsil olunurlar. Söhbət ondan gedir ki, Türkiyədə həm sosial, həm də siyasi sahədə bir tarazlıq müşahidə olunmaqdadır. Bu seçkilərdən sonra Türkiyə siyasi islahatlara qədəm qoyacaq. Həmin islahatlar da Türkiyə cəmiyyətinin maraqlarını ifadə edəcək»- deyə YAP İcra katibinin müavini vurğulayıb.

M.Qurbanlının sözlərinə görə, AKP-nin hakimiyyətdə olduğu dövrdə kürd probleminin həllində də irəliləyiş əldə olunub. Bu gün AKP sıralarında kürd kökənli namizədlərin olması və parlamentdə təmsilçilik hüququ qazanması onu göstərir ki, kürdlər də AKP ilə əməkdaşlığa tərəfdardırlar. O qeyd edib ki, seçkilərdə 74 qadının millət vəkili statusu qazanması da müsəlman ölkəsi kimi Türkiyə üçün vacib hadisədir.

"Hesab edirik ki, bu seçkilər Türkiyə cəmiyyətinin maraqlarına uyğundur. Biz Yeni Azərbaycan Partiyası olaraq AKP ilə sıx əməkdaşlıq edirik və bu partiyanın qələbəsindən məmnunuq. AKP-nin qələbəsi Türkiyənin xarici siyasətində varislik prinsipinin qorunub saxlanılmasına gətirib çıxaracaq. Türkiyə hər zaman, o cümlədən AKP hökuməti də Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib. İnanırıq ki, bundan sonra da belə olacaq", - deyə M.Qurbanlı vurğulayıb.

 

OXŞAR XƏBƏRLƏR